Cəmiyyət

Nahaq yerə onu Şuşaya hamıdan sonra aparmadılar… – İLGİNC İDDİALAR…

Bir neçə il əvvəl, daha dəqiq desək, 15 sentyabr 2015-ci il tarixdə şad xəbər yayıldı ki, 1992-ci ildən “məcburi köçkün həyatı yaşayan” Şuşa 1 saylı tam orta məktəb üçün Prezident İlham Əliyevin sərəncamı ilə Yasamal rayonunda müasir standartlara cavab verən yeni bina tikilərək istifadəyə verilib. Məktəbin geniş sinif otaqları, fənn kabinetləri, idman zalı, böyük ərazisi və daha nələr. Məktəbin açılışında kimlər çıxış etmədi…
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Qarabağ Azərbaycan İcmasının sədri, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Milli Məclisin deputatları, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə xanım Fətəliyeva və başqaları….
Xanım Fətəliyeva məktəbin tikilməsində icra başçısı Bayram Səfərovun göstərdiyi xidmətlərdən, böyük əməyindən danışdı. Bir deyən olmadı ki, xanım Fətəliyeva, bəlkə məktəbin tikilməsi üçün icra başçısı Bayram Səfərov cibindən pul qoyub, bəlkə daş daşıyıb, bəlkə palçıq qatıb, bəlkə…
Bəli, Məktəb cənab Prezidentin sərəncamı və Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilib.
İndi isə 2015-ci ildən 7-8 il keçəndən sonra bir neçə gün öncə, oxuduğumuz son xəbərə nəzər salaq.
Xəbərdən bəlli olur ki, sən demə məktəbin açılışından az müddət sonra icra başçısı Bayram Səfərovun qızı Gülnar Qurbanova “dədəsinin tikdiyi” 1 saylı Şuşa məktəbinə direktor təyin olunub. Və… Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib. Məktəbin direktoru Gülnar Qurbanova tərəfindən şagirdlər və kollektivi üçün tikilən idman kompleksi özəlləşdirilərək, adı açıqlanmayan fərdi sahibkara icarəyə verilib. Kompleks futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərir. 1 saat icarə haqqı 60 manat təşkil edir. Məktəbin direktoru məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanması üçün nəzərdə tutulan ərazini avtodayanacaq parking kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verib. Məktəb direktoru bunun üçün sözügedən dayanacağa hətta nəzarətçi də təyin edib. Hətta…. Ərazidəki avtomobillərin dəqiq sayını bilmək üçün kamera belə qurlaşdırılıb. İki gündü ölkə mətbuatı, nə bilim sosisl şəbəkələr bu məsələdən bəhs edir, hətta yayılan son xəbərə görə məktəb direktorunu Təhsil İdarəsinə çağırıblar. Bilirsiniz problem nədir..?
Birincisi, biz icra başçısının, ümumiyyətlə, məmur övladlarının hüquqlarının bolşevik sayağı inkar etmirik. Məmurun da övladı vəzifə tuta bilər. Amma o boyda Şuşada 1 nəfər pedoqoq tapılmadı ki, mütləq icra başçısının qızı məktəbin direktoru olmalıdır..?
İkincisi, Bayram Səfərovun xanım müavini yeni məktəbin tikintisini Prezidentin deyil, icra başçısının adı ilə bağlayır… Yəni məktəbə icra başçısının az qala dədə-baba mülkü kimi baxır. Və nəticədə icra başçısının məktəb direktoru olan qızı Gülnar Qurbanova “babasından qalan” məktəbin idman zalını iş adamlarına 1 saatı 60 manata icarəyə verir.
İndi təsəvvür edin ki, məktəb direktoru 1 ayda, son neçə ildə dövlətin tikdiyi məktəbin hesabına nələr qazanmayıb. Bu adam məktəbin ərazisində pullu avtodayanacaq düzəldib, hələ Allah qoymasa kamera quraşdırıb ki, birdən nəzarətçi ona pul atar…. Elə bilirsiniz bu ilk hadisədir..?
Bir müddət əvvəl sabiq nazir Ziya Məmmətrovun məktəb direktoru olan bacısı ilə bağlı nələr yazmadılar.
Nəticədə bir yerdən çıxarıb başqa yerə qoydular. Yəni Azərbaycanda məmurun bizneslə məşğul olması az qala normaya çevrilib. Heç uzağa getməyək. Şuşanın icra başçısı Bayram Səfərovun kürəkəni ( etika xatirinə adını çəkmirik ) Masazırda məcburi köçkünlərin JEK müdiridir. Yenə deyirik ki, icra başçısının kürəkəninin JEK müdiri olmasına etiraz etmirik. Amma bu adam məmurdur, xeyli sayda insanın, məcburi köçkünün kommunal problemlərinə baxır, amma iş yerində tapılmır. Niyə..? Çünki cənab JEK müdiri bir neçə restoranın idarə olunmasına nəzarət edir. Bu adamdan soruşan lazımdır ki, əgər restoranlar işlətmək istəyirsənsə, dövlətin işindən uzaqlaş, get nə istəyirsən elə…amma iki, hətta üç stulda oturmaqdan əl çəkin… Həm də və ən əsası, məmurun biznes fəaliyyəti ilə, restoran işlətməklə, avtodayanacaq işlətməsi, idman zalını icarəyə verməsi cinayət əməlidir. Vəssəlam.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir