Komitə sədri: “Ermənistanın etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə dağıdıcı təsir göstərib”
“Ermənistanın ayrı-seçkilik və etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərib”.
“Zirvə yolu” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məsclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan İcmasında birləşən insanların hər biri orada yaşanan hadisələrin tarixi daşıyıcılarıdır: “44 günlük Vətən müharibəsində qələbəmiz Azərbaycan qarşısında yeni perspektivlər açıb. Bu zəfər Qərbi Azərbaycana qayıdışın təməlini qoyub. Bizim öz torpaqlarımıza qayıtmağa haqqımız var və öz irsimizə sahib çxımalıyıq. Azərbaycana məxsus mədəni irsimiz hərbi əməliyyatların təsiri olmadan məqsədli şəkildə məhv edilib. Bunlara irs nümunələrinin təhrif edilməsi də buna daxildir. İndiki Ermənistan ərazisində sağlam qalmış tək məscid də fars məscidi kimi təqdim edilir”.
Deputat xatırladıb ki, tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır: “Ermənistanın ayrı-seçkilik və etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərib. Ermənistanın Göyçə mahalında azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin beşiyi olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurub. Erməni şovinistləri hətta Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğma Göyçədəki abidəsini və məzarını da dağıdıblar”.
“Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur. Ermənistan bizim qayıdış dövründə və sonrada bu hüququmuzu təmin etmək üçün cavabdehdir. Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında beynəlxalq təşkilatların dəstəyinə ümid edirik. Bu ölkədəki azərbaycan mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı”-, komitə sədri qeyd edib.
Ə. Əmiraslanov vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən UNESCO və BMT-yə müvafiq müraciətlər də ünvanlayıb.