Manşet Siyasət

Poroşenkonu məğlubiyyətə uğradan 5 səbəb

Maydan hadisələrindən sonra Ukraynaya rəhbərlik edən Poroşenko ukraynalılar üçün dəyişiklərin simvolu, Rusiya üçünsə son beş ilin əsas allergeni olub. Onun ikinci müddətə seçilə bilməməsinin – heç bir siyasi təcrübəsi olmayan yumorist Vladimir Zelenskiyə bu qədər böyük fərqlə məğlub olmasının səbəbi nədir?

Aprelin 20-sində Ukraynada keçirilmiş prezident seçkisində Pyotr Poroşenkoyla Vladimr Zelenski arasındakı səs fərqi çox diqqətçəkicidir: bülletenlərin 90 faizi sayılandan sonrakı nəticələrə görə, Poroşenko 24,5, Zelenski isə 73,7 faiz səs toplayıb.

Əslində, bu, gözlənilməz nəticə deyildi: hələ birinci turda Zelenski ondan iki dəfə çox səs yığmış və qələbə üçün elə də böyük şans qalmamışdı.

İkinci turun nəticələri göstərir ki, iki tur arasındakı bir neçə həftə ərzində Poroşenko qeyri-ciddi hesab etdiyi rəqibinə ciddi həmlə edə bilməyib.

“Təbliğat kampaniyamızda səhv olmadı, səhv kampaniyadan əvvəl oldu” – Poroşenko BBC əməkdaşının kampaniyadakı səhvlərlə bağlı sualını cavablandırarkən belə deyib.

BBC seçicinin Poroşenkoya niyə ikinci dəfə şans verməməsinin səbəblərini araşdırıb.

Birinci səbəb. Yoxsulluq

BVF-nin 2018-ci ilin payızında açıqladığı məlumatda qeyd edilirdi ki, adambaşına düşən ÜDM-in həcminə görə Ukrayna Moldovadan önə keçərək Avropanın ən kasıb ölkəsi durumuna düşüb.

Ukraynalılar aşağı maaş və yüksək qiymətləri tez-tez ölkənin ən böyük problemi olaraq göstərirlər.

Kiyevli politoloq Vladimir Fesenko BBC-yə açıqlamasında bildirib ki, məsələ təkcə yoxulluqda deyil: “Müstəqillik qazandığımız son 27 ildə ukraynalıların böyük əksəriyyəti maddi problemlər içində yaşayıb. Amma son beş ildə həmin o böyük əksəriyyətin gəliri təqribən iki dəfə azalıb”.

Poroşenko özü bunu əvvəlki hakimiyyətdən qalan “miras” olaraq qiymətləndirir. Ölkənin şərqindəki hərbi əməliyyatlar böyük büdcə xərcləmələrinə səbəb olur, Donbasdakı sənaye müəssələrinin çoxu dayanıb, müdafiə sahəsinə ciddi ölçüdə vəsait sərf edilir. Krımın işğalı və Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi də ölkə iqtisadiyyatına mənfi təsir edir. Xeyli ukraynalı həyat səviyyəsinin son beş ildəki pisləşməsini Poroşenkonun prezidentliyi ilə əlaqələndirir. Onun Zakarpatyaya bu ilin mart ayındakı səfəri zamanı yerli sakinlər ona “Yoxsulluq üçün sağ ol, Pyotr Alekseyeviç!” deyə səslənmiş, o, “Yoxsullağa görə yox, onunla mübarizəyə görə” deyə cavab vermişdi.

“Yanıkın (Viktor Yanukoviçin) vaxtında vəziyyət başqa cür idi. Düzdür, o qaçdı. Bu yaxşı hərəkət deyildi. Amma o vaxt dollar səkkizəydi, bəs indi?” – Poroşenkonun əleyhdarları BBC-yə təxminən bu tip açıqlamalar verərək yoxsulluğun əsas günahkarı olaraq məhz onu nişan verirlər.

Aşağı maaş və pensiyaların əmək miqrasiyasını artırdığını Poroşenko özü də etiraf edib.

Özünün əsas nailiyyətlərdən biri kimi təqdim etdiyi fakt – Şengen vizasının ləğvi də nəticə etibarilə turizm və alış-verişin yox, iş üçün xarici ölkələrə getməyin simvoluna çevrilib.

Gəlirləri azaldan daha bir faktor kommunal ödənişlərin yüksək olmasıdır.

Ukraynada iqtisadi vəziyyətMənzil-kommunal ödənişlərinin artırılması hələ 2016-cı ildə Ukraynada etiraz aksiyalarına səbəb olmuşdu.

Ukraynılalırn 40 faizi hesab edir ki, yeni prezidentin ilk işi bu ödənişləri azlatmaq olmalıdır (Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun araşdırması, aprel 2019).

Kommunal ödənişlər və onların azaldılması seçki kampaniyasının əsas mövzularından biri olub: Ukrayna prezidentinin ölkə iqtisadiyyatına birbaşa təsiri olmadığı halda, birinci turdan əvvəl bütün namizədlər bu haqda danışıblar.

Biznes-imperiyasını prezident seçilməzdən çox-çox əvvəl quran və varlı biri olduğunu gizlətməyən Poroşenkonun şəxsi rifahı onun populyarlığını artıra bilməzdi. Gəlir deklarasiyasına əsasən, 2018-ci ildə Ukrayna prezideninin gəliri 57 milyon dollar olub – bu, iki il əvvəlkindən 100 dəfə çoxdur.

Vladimir Fesenko deyir ki, Poroşenkonun “Roşen” korporasiyasına aid mağazalar şəbəkəsinin durmadan böyüməsini ukraynalılar bu imperiyanın genişlənməsinin əsas simvolu hesab edirlər: “İnsanlar o mağazaları hər addımda görürlər və bu, istər-istəməz onları qıcıqlandırır. O ticarət obyektlərinə qarşı vandalizm aktları həmin ovqatı bəlli edən aqressiyanın nümayişidir”.

Özünün seçkiqabağı çıxışlarında Poroşenko bəyan edirdi ki, ikinci prezidenlik müddətində yoxsulluqla mübarizə onun əsas işlərindən biri olacaq. Ancaq bu planı artıq başqa prezident reallışdırmalı olacaq.

İkinci səbəb. Müharibə

Ölkənin iqtisadi siyasətinə hökumət məsul olduğuna görə, Poroşenkonun Ukraynadakı həyat səviyyəsinə təsir imkanları az olsa da, müdafiə və xarici münasibətlər sahəsinin bir nömrəli cavabdehi odur. Ona görə də seçicilər bu sahələrə aid sualları birbaşa ona yönəldiblər.

“Antiterror əməliyyatı (Poroşenkonun sələfi Aleksandr Turçinovun əmriylə 2104-cü ilin aprel ayında Ukraynanın şərqində başladılmış hərbi əməliyyatlar) iki-üç ay davam edə bilməz və etməyəcək. Bu əməliyyat bir neçə saat çəkəcək” – 2014-cü ildəki prezident seçkisi günündə, qələbə qazandığı bilinəndən sonra dediyi bu sözlər prezident olduğu 5 il boyu Poroşenkoya ən çox xatırladılan vədi olub.

Keçən ilin yayında o, əsassız gözləntilər yaratdığı üçün xalqdan üzr istəyib.

Pyotr Poroşenko

Opponentləri Poroşenkonu müharibəni bitirə bilməməkdə ittiham ediblər. Sülhün açarının Kiyevdə olmadığını deyən Pyotr Alekseyeviç “Minsk razılaşması”na əməl olunmasının vacibliyini vurğulayıb, xatırladıb ki, son vaxtlar bu proses zəifləyib.

Seçki kampaniyası dövründə Vladimir Zelenski də sülh danışıqlarıyla bağlı ümidverici fikirlər açıqlamayıb. Amma Poroşenkonun baş komandanlıq mövzusunda önə çıxmağa çalışması cəmiyyət tərəfindən mənfi qarşılanıb.

Keçən ilin sonlarında Kerç boğazında baş vermiş insidentdən və Ukrayna hərbi gəmiləri Rusiya tərəfindən saxlanandan sonra Poroşenko Ukrayna ərazisinin bir hissəsində hərbi vəziyyət tətbiq etmək təşəbbüsü göstərib.

Amma bu addımı ukraynalıların yalnız üçdə biri dəstəkləyib, qalanları bu fikirdə olublar ki, Poroşenkonun əsas məqsədi prezident seçkisinin vaxtını dəyişməkdir (“Reytinq” sosial qrupunun sorğusu, dekabr, 2018-ci il).

Poroşenko Zelenskiylə debatda onun baş komandan vəzifəsini icra edəcək qədər bacarıqlı olmadığını əsas arqumentlərdən birinə çevirmək istəyib. Zelenski bu irada, çox güman, əvvəldən hazırladığı replikayla cavab verib: “Əgər siz bu qədər yaxşı baş komandansınızsa, nə üçün biz hələ də müharibəni udmamışıq?”

Üçüncü səbəb. Onun bütün dostları

Poroşenko bir tərəfdən iddia edir ki, ölkədə antikorrupsiya orqanları infrastrukturunun – Milli Antikorrupsiya Bürosunun, İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun, Korrupsiya ilə Mübarizə üzrə Milli Agentliyin yaranması onun xidmətidir.

Digər tərəfdən, prezidentliyin hələ ilk aylarında siyasi fəallar onu korrupsiyaya qarşı mübarizəni sabotaj etməkdə günahlandırıblar; bildiriblər ki, Qərbin təzyiqləri olmasa, bu qurumların heç biri yaradılmayacaqdı.

Bu məsələdə diqqət çəkən məqamlardan biri də odur ki, hakimiyyətin antikorrupsiya fəaliyyəti heç də uğurlu deyil, xüsusilə də prezidentin müttəfiqləriylə bağlı araşdırmalarda.

Seçki kampaniyası dönəmində Poroşenkonun imicinə ciddi zərbə vuran olaylardan biri də fevral ayında dərc edilən jurnalist araşdırması olub – onun ən yaxın silahdaşlarından biri, keçmiş biznes partnyoru, Təhlükəsizlik Şurasının katibi Oleq Qladkovski korrupsiya fəaliyyətində ittiham olunub.

Pyotr PoroşenkoPoroşenko antikorrupsiya məhkəməsinin yaradılmasıyla fəxr edirdi, amma bu qurumun fəaliyyəti gözləntiləri doğrultmadı

Poroşenko və komandası buna dolaşıq reaksiya verib. Əvvəl Qladkovskini müdafiə ediblər, sonra vəzifəsindən uzaqlaşdırıblar. Ancaq bu, prezidentin “ordudan oğurlamağa cəsarət edənlərin əlini kəsmək” vədindən çox-çox zəif cəza olub.

“Korrupsiyaya qarşı mübarizənin zəifliyi və yeni antikorrupsiya institutlarına mane olmaq cəhdləri böyük kütlələrdə yox, məhz cəmiyyətin fəal kəsimində narazılıq doğurdu – hansılar ki, Maydan hərəkatını dəstəkləmişdilər və Poroşenkodan məhz bu mübarizəni aktivləşdirməyi gözləyirdilər” – politoloq Vladimir Fesenko BBC-yə açıqlamasında belə deyib.

Seçkinin birinci turundan sonra Poroşenko vətəndaş cəmiyyəti fəallarıyıla bir neçə görüş keçirib və bəyan edib ki, müdafiə kompleksindəki korrupsiya sxemlərindən xəbəri olmayıb. O, kadr siyasətindəki səhvlərini də etiraf edib.

Dördüncü səbəb. Anti-Putin təbliğatının zərəri

Birinci turdan əvvəl Poroşenkonun təbliğat kampaniyası vətənpərvər və anti-Rusiya ovqatlı elektoratın maksimum səfərbər edilməsinə yönəlib.

Həmin dönəmdə o, “İnanc, dil, ordu” və “Moskvadan çəkil!” şüarları altında təbliğat aparıb. Ukrayna Pravoslav Kilsəsinin yaranması haqda fərmanın prezentasiyası üçün vilayət mərkəzlərinə səfərlərdən sonra namizədliyini açıqlayan Poroşenko həm də Ukraynanın AB və NATO kursu siyasətinin ölkə konstitusiyasına salınmasını təmin edib.

билбордVladimir Putinlə olan seçki təbliğat kampaniyası Pyotr Poroşenkonun xeyrinə olmadı.

Ekspertlər qeyd edirlər ki, vətənpərvərlik ritorikası və milli-konservativ mövqe Poroşenkonun ikinci tura keçməsinin əsas səbəblərindən biridir.

Amma ikinci turdan əvvəl bu, Poroşenko üçün həm də elektoral tələyə çevrilib.

İki tur arasındakı dövrdə Poroşenko onun ənənəvi ritorikasına biganə olan seçicilərlə kontakt qurmağa cəhd etməyib. Əksinə, dövlət başçısının seçki qərargahı onun Putinlə qarşı-qarşıya durduğu şəkli bütün ölkə boyu bilbordlara yerləşdirərək Poroşenkonun kampaniyasını daha da radikallaşdırıb.

Seçicilərin heç də birmənalı olmayan reaksiyalarından sonra şəkillərin bir qismi yığışdırılıb, amma prezidentin komandası bunun yerinə seçicilərə heç bir yeni fikir təqdim edə bilməyib.

“Nifrət və qorxu Poroşenkonun elektoratını səfərbər edib, amma cəmiyyətin böyük hissəsi bu toksik qorxu kampaniyasında iştirak etmək istəməyib və Poroşenkoya qarşı birləşib” – polittexnoloq Sergey Qayday BBC-yə açıqlamasında belə deyib.

Beşinci səbəb. Təzə eşq

Nəhayət, rəqibinin – daha əvvəl “ciddi siyasət”lə heç bir əlaqəsi olmamış yumorist Vladimir Zelenskinin şəxsiyyəti bu kampaniyaya təsir edən ciddi faktorlardan birinə çevrilib.

Prezidentin qərargahında BBC əməkdaşlarına bunları deyiblər: Poroşenkonun finalda Ukrayna siyasətinin “ağır çəkili” təmsilçilərinə, hətta Yuliya Timoşenkoya da qalib gəlmək şansı qat-qat çox idi, çünki ölkə siyasətindəki hər siyasətçiyə aid kompromat var, hər birinin antireytinqi mövcuddur və bu sahədə rəqiblərin zəif yerlərindən istifadə üsulları hamıya çoxdan məlumdur. Amma Ukrayna cəmiyyətinin köhnə siyasi elitadan, onun “oyun qaydalarından” qurtulmaq və siyasi dəyişikliklər görmək arzusuna tam uyğun gələn Zelinskini zərərsizləşdirmək üçün “silah” tapmaq mümkün olmadı.

Владимир ЗеленскийVladimir Zelenski seçki kampaniyasının “kəşfi” oldu

Poroşenkonun komandası Zelenskinin siyasi naşılığını qabartsa da, əslində, onun elektoratı bunu üstünlük olaraq qiymətləndirirdi.

Sosial şəbəkələrdəki intensiv təbliğat, kiçik video-çarxlar vasitəsilə seçicilərə müraciət, “qeyri-ciddi” şüarlardan istifadə – Zelenskinin kampaniyasındakı bu “cövhərləri” poroşenkoçular heç nəylə “vura” bilmirdilər.

Poroşenko komandasının son şansı situasiyanı debatlar vasitəsilə dəyişmək idi. Hesab olunurdu ki, Zelenskinin siyasi naşılığı və “pinti” danışığı Poroşenkonun sambalı və natiqlik qabiliyyətilə müqayisədə daha çox gözə batacaq. Amma yumorist debat zamanı təxmin olunduğu qədər zəif çıxış etmədi.

İkinci turdan sonrakı gecə Poroşenko çıxış edərək öz proqramını açıqladı. Ölkədən gedəcəyi barədə şaiyələri yalanlayıb dedi ki, nəinki ölkədən, heç siyasətdən də getməyəcək və partiyasıyla birlikdə bu ilin payızına planlaşdırılan parlament seçkilərinə hazırlaşacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir