İqtisadiyyat

Azərbaycan və Pakistan Preferensial Ticarət Sazişini müzakirə edib

Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması məsələləri müzakirə edilib.

“Zirvə yolu” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Həmkarım energetika naziri Pərviz Şahbazovla birlikdə Pakistanın ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Maliklə keçirdiyimiz görüşdə Azərbaycan- Pakistan iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, ticarət əlaqələrinin gücləndirilməsinə təkan verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı görülən işlər, qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, – deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ticarət Pakistanla tərəfdaşlığın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir. Bununla yanaşı, biznes forumlar və ticarət missiyaları kimi iqtisadi alətlər də səmərəli əməkdaşlıq istiqamətlərininin müəyyənləşdirilməsində və konkret layihələrin icrasında əhəmiyyətli rol oynayır.

Görüşdə Azərbaycanın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələrinin tərəfdaş ölkələrin enerji təchizatının diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Bildirilib ki, Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı və bu sahədə investisiyaların təşviqi üçün geniş imkanlar var.

Tərəflər qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, birgə layihələrin icrası və əməkdaşlığımızın gündəliyində olan digər məsələləri müzakirə ediblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir