Cəmiyyət

Güclü külək Yevlaxda fəsadlar törədib, binaların dam örtükləri uçub – VİDEO – YENİLƏNİB

Ötən gecə əsən güclü külək, habelə intensiv yağışlar Yevlax şəhərində bir sıra fəsadlara səbəb olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Yevlax şəhərində yerləşən bəzi tikililərin dam örtüyünün qoparaq ətrafa dağılması, irigövdəli ağacın aşaraq hərəkətə mane olması və bir sıra yerlərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Dərhal əraziyə FHN-in Aran Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq xilasedicilər tərəfindən gecə saatlarında ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bununla yanaşı, hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir.

03:13

Yevlax rayonun bir neçə küçə və prospektində binaların dam örtüyü uçub, avtomobillərə ziyan dəyib, elektrik enerji verilişində fasilələr yaranıb.

“Zirvə yolu”nun məlumatına görə, güclü külək səbəbindən Yevlax şəhərinin Nizami prospektində ticarət obyektinin, Q.Quliyev küçəsində 5 mərtəbəli, 45 mənzilli yaşayış binasının, Q.Əşrəfbəy küçəsində 5 mərtəbəli, 60 mənzilli yaşayış binasının dam örtüyü uçub.

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən 288-ci kilometrliyində, yolun kənarında yerləşən avtoservis binasının dam örtüyü uçaraq yola düşməsi nəticəsində yolda avtomaşınların hərəkəti bir müddət dayanıb.

Güclü külək bir neçə sakinin avtomobilinə də ziyan vurub. Təbiət hadisəsi zamanı şəhərdə ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Küləyin yaratdığı fəsadın aradan qaldırılması üçün hadisə baş verən ünvanlara Yevlax Rayon İcra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb edilib, dəymiş ziyan hesablanır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir