İdman

AFFA-nın baş katibi: “Premyer Liqa ilə yanaşı digər iki çempionatda da idman prinsipləri qorunacaq”

“Azərbaycan Premyer Liqasında, I və II Divizionda növbəti mövsüm də idman prinsipləri qorunacaq”.

“Zirvə yolu” xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

O, bütün liqaların bir-birinə bağlı olacağını söyləyib: “Növbəti ildə hər üç çempionatı bir komanda tərk edəcək və əvəzinə yenisi gələcək. Hazırda I və II Divizionun formatı üzərində işlər davam edir. Peşəkar Futbol Liqasının rəhbərliyi ilə müzakirələr aparırıq. I Divizionda 10, II Divizionda isə 12 komanda olacaq. Artıq iştirakçılar da bəllidir. Bu gün rəsmi saytda açıqlayacağıq. II Divizionun statusu yarım-peşəkar olacaq və burada legioner futbolçuya icazə verilməyəcək. I Divizionla bağlı hələlik qərar verilməyib. Əgər icazə verilsə belə, çox az sayda olacaq. II Divizion klublarının hər birinə dəstək üçün 50 min manat nəzərdə tutulub. I Divizon üçün 300 min manat pis rəqəm deyil. Bunun dəyişdirilməsi planlaşdırılmır. Komandalar yalnız bu məbləği gözləməməlidirlər. Özləri də sponsorlar cəlb etməkdə maraqlı olmalıdırlar”.

Hacıyev Premyer Liqada əvəzetmə sayı ilə bağlı da danışıb: “Daha əvvəl oyun vaxtı 5 əvəzetmənin mütləq üçü yerli, ikisi isə legioner olmalı idi. Artıq bu da aradan qaldırıldı. Beş legioneri eyni vaxtda oyuna daxil etmək olacaq”.

Baş katib Premyer Liqa və Azərbaycan Kuboku matçlarının yayım hüququna görə klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsinin müzakirə olunduğunu, lakin hansısa qərarın qəbul edilmədiyini vurğulayıb: “İclasda bu məsələnin daha detallı araşdırılması tapşırıldı”,

O, Region Liqası turnirinin də qalacağını sözlərinə əlavə edib: “Orada çempion komanda II Diviziona yüksələcək. Hazırda bunun da üzərində işlər gedir. Burada pley-off da gerçəkləşə bilər”.

Hacıyev son olaraq Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan”la danışıq aparıldığını diqqətə çatdırıb: “Klubun qarşısına stadionla bağlı müəyyən tələblər qoyulub”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir