Bu dünyada bir çox sərvətlər var və hər kəs də bu dünyanın mal-mülkünə, sərvətinə sahib olmağa çalışır. Lakin unutmamalıyıq ki, gerçək zənginlik sağlıqdır və digər var olan sərvətləri əldə etmək üçün insanda olması ən vacib olan can sağlığıdır. Canımızın sağlam olması üçün də bizə hər zaman həkimlər çox böyük yardımçı olurlar. İnsan xəstə olduğu zaman ona ən yaxın olan, onu ən yaxşı anlayan həkim olur. Belə bir halda həkim-xəstə dialoqu xüsusi rol oynayır. Həkim elə ünsiyyət yaratmalıdır ki, xəstə özünü rahat hiss edə bilsin, narahatlığını ona deyə, bir sözlə bütün dərdini danışa bilsin. Həkimin xoş sözü, qayğısı, xəstəyə qarşı mülayim davranışı və göstərdiyi nəzakət özü sanki müalicənin rahat başlaması üçün ilkin mərhələ olur. Çünki həkim qayğısı və səmimiliyi də müalicə vasitəsidir.
Məlumdur ki, həkim olmaq da asan iş deyil. Ona görə ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs də buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, diqqətliliyə səbrə, sakitliyə, xeyirxahlığa sahib olmaq lazımdır, bunlara yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti və böyük bir məsuliyyət hissi də əsasdır.
Həkim peşəsinin vacibliyini, ciddiliyini dərk edən, heç bir təhlükədən qorxmayan, işinə ürəkdən bağlı olan bir sözlə bütün həyatını insanlara həsr etməyi qəbul edən olmalıdır. Elə bu məqamda məşhur həkim cərrah-alim N. Piraqovun bu hikmətli sözləri yada düşür: “Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır”.
Həkimlər işləyərkən belə davamlı öyrənməyə və biliklərini inkişaf etdirməyi davam edən olmalıdır. Çünki zaman keçdikcə yeni-yeni xəstəliklər yaranır, məhz belə xəstəliklərin müalicə üsullarını öyrənmək üçün tibb işçiləri davamlı araşdırma aparmağa və biliklərini yeniləməyə məcburdurlar.
Həkimlər həmçinin psixoloq olmağı da bacarmalıdırlar. Həkimlər müxtəlif xarakterli və tamam fərqli psixologiyaya malik insanlarla çalışırlar. Bir insanı səbrlə dinləyə bilmək, ümid, inam aşılamaq, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, xəstələri təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir. Məhz buna görə də həkimlər hərtərəfli bu peşəyə yiyələnməyi bacarmalıdırlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi.
Ulu öndər Heydər Əliyevin səhiyyə sahəsi haqqında söylədiyi bir fikir var: “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.” Və bu günkü gündə bu fikir öz əksini tapıb, tapmaqda da davam edir. Ona görə ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri peşə bayramlarını qeyd edirlər.
Peşəsini ömür boyu sədaqətlə yerinə yetirən və hər gün onlarla xəstəni sağaldan bütün tibb işçilərinin Tibb Günü mübarək.
Şərəfli və məsuliyyətli peşə sahibləri olan tibb işçiləri peşə bayramınız mübarək olsun. Sizə bu çətin və bir o qədər də şərəfli işlərinizdə uğurlar arzu edirik.
Bütün bəşəriyyət üçün göstərdiyiniz səylərə görə sizə təşəkkür edirik.
Cavadzadə Seyid Sürayə