Cəmiyyət

Şəkinin tanınmış iş adamı Tehran Lətifov HƏBS OLUNUB – İDDİA

Qanunsuz əməlləri ilə gündəmi zəbt edən Tehran Lətifov barədə qısa məlumat verək.
Yada salaq ki, Tehran Lətifov 2000-ci ilin noyabrında – parlament seçkilərindən sonra Şəkidə baş vermiş iğtişaşların təşkilatçılarından biri olub, yəni siyasi çevriliş iddiası ilə insanları iğtişaşlara çağırıb. Və nəticədə Tehran Lətifov 2000-ci ildə həbs olunub və 2003-cü ildə prezident fərmanı ilə əfv edilib. Ancaq Prezidentin humanist qərarına baxmadan bu adam öz cinayət əməllərindən geri çəkilməyib. Və 2016-cı ildə qanunsuz əməllərinə görə barəsində cinayət işi açılıb.
Belə ki, 2016-cı ilin may ayında Tehran Lətifov öz şəriki ilə Oğuz şosesinin kənarında yerləşən gizli anbarda xüsusi avadanlıqlardan istifadə etməklə küllü miqdarda (16023 manat dəyərində) mənşəyi bilinməyən bitkilərdən 53410 qutu aksiz markası və lisenziyası olmayan “Prima” markalı tütün məmulatı hazırlayıblar. Onlar tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı və texniki göstəriciləri barədə yanlış məlumatlar verməklə həmin tütün məmulatlarının 1600 ədəd qutusunu 480 manata satıblar. Şəki polis şöbəsi Tehran Lətifovu və onun şərikini saxlayıb. Onlara məxsus emalatxanaya baxış zamanı əlavə olaraq 51810 ədəd “Prima” markalı tütün məmulatı aşkar edilərək götürülüb. Tehran Lətifov bu dəfə də hansı yollasa canını qurtara bilib. Amma…
Əmması odur ki, sonradan Tehran Lətifovun adı “Marxal” istirahət mərkəzi ilə bağlı hallanıb. Məlumat üçün bildirək ki, sovet dönəmində tikilən «Marxal» uzun müddət Şəki İpək Kombinatının balansında olub. 1998-ci ildə onu Tehran Lətifov özəlləşdirib. 2006-cı ildə isə Şəki İpək Kombinatı (indiki «Şəki İpək» ASC) bu obyektin düzgün özəlləşdirilməməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Yerli məhkəmələrdə çəkişmələrdən sonra nəhayət 2010-cu ildə Ali Məhkəmənin qərarı ilə «Marxal»ın özəlləşdirilməsi ləğv edilib, istirahət zonası Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Amma bütün bunlara baxmayaraq Tehran Lətifov “ Marxal”ın bir hissəsini qanunsuz yolla əlində saxlaya bilmişdi. Sonradan Marxal üstündə Tehran Lətifovla baş nazirin o zamankı müavini Abid Şərifov arasında qalmaqal başladı.
Onu da qeyd edək ki, görülən tədbirlərə baxmayaraq Tehran Lətifov sonrakı illərdə də gizli siqaret istehsalı ilə məşğul olub. Hətta ölkəyə qaçaqmal yolu ilə milyonlarla dəyəri olan tütün məhsulları gətirir, amma dövlətə vergi ödəmir. Bütün bunlar azmış kimi bu adam Şəki bazarının böyük bir hissəsini də ələ keçirib.
Əldə etdiyimiz məlumata görə, Tehran Lətifov dünən gündüz saatlarında Hüquq Mühafizə Orqanları tərəfindən həbs olunub. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir