Yeni açılacaq DOST mərkəzində işçilərin 70 faizi gənclər olacaq.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gənclər işə cəlb ediləcək:
“Bununla da kadr axını yarada biləcəyik. Universitetlərlə əlaqə qurmuşuq və onlar DOST mərkəzində təcrübə keçirlər. Ölkə üzrə fəaliyyət göstərəcək 31 DOST mərkəzində orta hesabla dörd min işçi olacaq.
Bu, o deməkdir ki, nazirliyin yükü də ciddi şəkiıdə azalacaq. Çünki nazirliyin ümumi işçilərinin sayı 9300-dür. DOST mərkəzində işçilər işə götürüldükcə, nazirliyin vətəndaşlarla birbaşa təması aradan qalxacaq”.
S.Babayev bildirib ki, nazirlik DOST üçün siyasət və tənzimləyici, eyni zamanda, arxa ofis rolunu oynayacaq:
“Yəni vətəndaşla təmasda olacaq proseslər mərkəzlərdə həll olunacaq. Xüsusi araşdırma tələb edən məsələlər var ki, onlar arxa ofis kimi nazirlik tərəfindən araşdırıldıqdan sonra nəticəsi DOST-a təqdim ediləcək. Vətəndaş o cavabını da oradan əldə edəcək”.
Nazir qeyd edib ki, bu gün nazirliyin 250-yə yaxın və regional bölmələri və şöbələri var:
“Biz çalışırıq ki, onların yerinə ölkə üzrə 31 DOST mərkəzi olsun. Ayda 2 milyon 800 minə insana xidmət göstərilir. Bunu günə bölsəniz, təminən 100 min xidmət düşür ki, bu da 16 milyon manat deməkdir.
Bu mexanizmin hamısını bir günə elektron platformaya köçürmək mümkün deyil. Maksimum təkmilləşdirərək elə etmək istəyirik ki, prosesin 97 faizi sırf elektron platforma üzərindəndən olsun və vətəndaşla təmas olmasın”.