Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Laçında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.
“Zirvə yolu” xəbər verir ki, səfərdə 33 ölkədən nümayəndələr – 60 diplomat və onların ailə üzvləri, 10 təşkilatın təmsilçiləri, eləcə də hərbi attaşelər iştirak edirlər.
Səfər zamanı Laçın şəhəri 1 Dekabr küçəsində inşa edilmiş ilk yaşayış məhəlləsinə baxış keçirilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 binada bərpa işləri aparılır. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Bundan başqa, 71 inzibati bina yenidən qurulur.