“Ölkə.Az” olaraq, bu məsələ ilə bağlı kiçik araşdırma aparıb, premyeralarla maraqlandıq.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, bu mövsüm Cəlil Məmmədquluzadənin ”Dəli yığıncağı”nın premyerası keçirilib. Mətbuat katibinin sözlərinə görə, növbəti aylarda yeni premyeraların da olacağı istisna deyil.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirib ki, teatrın 110 cu mövsümü zəngin olacaq. Repertuarda olan tamaşalardan başqa 6 tamaşa üzərində yaradıcılıq işləri aparılır.
Teatrda hazırda rejissor Samir Qulamovun quruluşunda Vüktor Hüqonun ”Paris Notr-Dam kilsəsinə ithaf” tamaşasının məşqləri gedir. Yeni mövsümdə retro tamaşalarını sevən tamaşaçılar üçün musiqisi Səid Rüstəmov, libretto Məmməd Səid Ordubadiyə məxsus olan ”Beş manatlıq gəlin” komediyası hazırlanır. Tamaşaya əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Stanislav Stratiyevin ”Avtobus” pyesi’ əsasında “Çarəsiz sərnişinlər” əsərini, rejissor Əhəd Hacıyev isə gürcü dramaturqu Nodar Dumbadzenin ”Mən, nənəm, İliko və İllarion” tamaşasını hazırlayır.
Qeyd edək ki, yeni mövsümdə Akademik musiqili teatrda xalq artisti Afaq Bəşirqızı tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Belə ki, oktyabrda Afaq Bəşirqızının iştirakı ilə ”İstintaq” tamaşası hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəm, bəstəkarı Ceyhun Allahverdiyev, libretto müəllifi Pərviz Seyidlidir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrından bizə yeni mövsümdəki tamaşaları haqda məlumatı teatrın mətbuat katibi Pərvin Nurəliyeva verib. Yeni mövsümdə ərəb xalq nağılları motivləri əsasında ”Sindbad” tamaşasının premyerası olub. Hazırda Cəfər Cabbarlının ”Oqtay Eloğlu” əsərinə Xalq artisti Vaqif Əsədov quruluş verir. İngilis xalq nağılları motivləri əsasında ”Şən ev və cadugər” tamaşasına Ayla Osmanova quruluş verir, Mirzə Cəlilin ”Dəli yığıncağı əsərini isə Xalq artisti Cənnət Səlimova hazırlayır. Həmçinin Ayla Osmanovanın quruluş verdiyi ”Mən öləndə ağlama” tamaşası Qırğızıstanın Oş şəhərində keçirilən türk dilli ölkələrin teatr festivalından çox böyük uğurlarla qayıdıb.
Qeyd edək ki, Gənc Tamaşaçılar teatrının keçən mövsümü də zəngin olub. Səkkiz premyera olub. Bunların içində uşaqlar üçün də tamaşalar göstərilib. Xalq artisti Ağaxan Salmanovun ssenasiri əsasında Azərbaycan teatr tarixində ilk dəfə uşaqlar teatrın kulisi ilə tanış olublar.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının premyeraları haqda bizə teatrın baş rejissoru Qurban Məsimov məlumat verib. Teatrda Zülfüqar Əhmədzadənin ”Yeddi nar çubuğu” pyesi əsasında eyni adlı tamaşa hazırlanır. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rejissoru Qurban Mənsimovdur. ”Dədə Qorqud” dastanı əsasında hazırlanan ”Adını qazanan oğlan” tamaşasını isə Anar Məmmədov təqdim edəcək. Eyni zamanda Puşkinin “Qızıl balıq” əsəri əsasında eyniadlı tamaşa da balaca tamaşaçıların ixtiyarında olacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrından bildirildi ki, yeni mövsüm premyeralarının siyahısı noyabr ayında hazır olacaq.