Cəmiyyət

Yaqub Eyyubovun istefaya göndəriləcəyi ilə bağlı – İDDİALAR

Kadr islahatları çərçivəsində Baş nazirin birinci müavini Yaqub Eyyubovun da istefaya göndəriləcəyi barədə iddialar səsləndirilir.

Yenisabah.az xəbər verir ki, bu iddialar Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana gələn dövlət və hökumət başçılarını Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə Baş nazirin birinci müavini görünməyib.

Yaqub Eyyubov 1999-cu ildən 2003-cü ilə kimi Baş nazirin müavini, 2003-cü ildən isə birinci müavini vəzifəsində çalışır. Oktyabrın 24-də onun 74 yaşı tamam olub.

Bəzi iddialara görə, Yaqub Eyyubovu Şahin Mustafayev əvəzləyə bilər. Şahin Mustafayev oktyabrın 22-də Baş nazirin müavini təyin edilib. Bundan əvvəl o, İqtisadiyyat naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, Prezident İlham Əliyev Baş nazirin müavini postundan istefa verən Əli Həsənovla Hacıbala Abutalıbovu qəbul edərkən digər yaşlı məmurların da onlardan nümunə götürəcəyinə ümid etdiyini deyib.
“Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, – deyə ölkə başçısı vurğulayıb

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir