Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Təməl Tikinti” MMC (VÖEN- 1006377091) olub.
Zirveyolu.info Yeniavaz.com-a istinadla xəbər verir ki, “Təməl Tikinti” MMC FHN-in sifarişi əsasında 2019-cu il fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Şamaxı rayonunun Şərədil kəndində 2 ədəd, Şamaxı şəhəri Qədirli küçəsi 63 ünvanında 1 ədəd fərdi yaşayış evlərinin bərpası (3 ev) işlərini həyata keçirəcək və qarşılığında 115 min 357 manat 35 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Təməl Tikinti” MMC 12 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırıverdi oğludur.
“Təməl Tikinti” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. MMC-nin nə veb-saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Məlum olan yeganə məlumat isə odur ki, “Təməl Tikinti” MMC son bir il ərzində FHN-nin keçirdiyi 4 tender müsabiqəsində qalib olub.
Şirkətlə bağlı digər bir məlumat isə odur ki, 13 iyul 2023-cü il tarixinə olan məlumata görə MMC-nin dövlət büdcəsinə 3 min 786 manat 31 qəpik vergi borcu var.
Tender müsabiqəsinə təqdim olunan zərflərin açılış tarixi isə 14.07.2023-cü il tarixində olub.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Müsabiqə ilə bağlı diqqət çəkən məqmalardan biri isə zəlzələnin baş verməsindən 4 il keçdikdən sonra FHN-nin evlərin bərpası ilə bağlı tender keçirməsidir.
Ötən il Şamaxı sakinlərindən biri mətbuata açıqlama verərək bildirib ki, o zəlzələdən zərər görən evinin təmiri üçün FHN-yə müraciət edib. FHN isə həmin vətəndaşa məktubla cavab verərək bildirib ki, zəlzələ bölgəsində fəaliyyət göstərən komissiyalar öz işini yekunlaşdırıblar və bu səbəbdən evə baxış keçirilməsi mümkün deyil.