“Zirvə yolu” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunan “Şəhidlər unudulmur” adlı tədbir keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin, Ağdam rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərimizin ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.
Anım mərasimində çıxış edənlər torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi qələbə qazanaraq şəhidlərimizin qisasını düşməndən layiqincə alıb.
Mərasimdə şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və digər yaradıcı kollektivin nümayəndələri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri təqdim olunub.
Sonda şəhid ailələri ilə birgə Ağdam rayonu ərazisindəki Şəhidlər xiyabanı və Şahbulaq qalası ziyarət olunub.