Prezident İlham Əliyev 11 aprel 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Energetika Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.
“Zirvə yolu” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra nazirlik “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq, torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinə əsaslandırılmış təkliflər verəcək, bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsi (su obyekti) üzərində hüquqların ötürülməsi ilə bağlı müvafiq tədbirlər görəcək.
Bundan başqa, qurum elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsini həyata keçirəcək, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat verəcək.