Təhsil

“Dual peşə təhsil proqramı”nın yekun tədbiri keçirilib

“Dual peşə təhsil proqramı”nın yekun tədbiri keçirilib.

“Zirvə yolu” xəbər verir ki, tədbirdə informasiya və kommunikasiya texnologiyaları (İKT), turizm, sənaye kimi bir çox sahələri əhatə edən işəgötürən müəssisələrin və tərəfdaş qurumların nümayəndələri, peşə təhsil müəssisələrinin mühəndis pedaqoji heyəti, həmçinin ötən tədris ili ərzində dual peşə təhsil proqramı çərçivəsində təhsil almış məzunlar iştirak ediblər.

Mərasimdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov qeyd edib ki, növbəti il üçün sözügedən proqram çərçivəsində təhsil alan tələbə sayının 1000 nəfərə çatması planlaşdırılır.

Tədbirdə çıxış edən tərəfdaş qurumların, eləcə də işəgötürən müəssisələrin nümayəndələri isə bu proqramın tələbələrin iş mühitinə çevik adaptasiyası baxımından olduqca böyük rol oynadığını və davam etdirilməsinin labüd olduğunu vurğulayıblar.

Mərasimin sonunda proqramın icrası zamanı fərqlənən işəgötürən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, ötən tədris ilində 15 peşə təhsili müəssisəsində icra olunan dual peşə təhsili proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Almaniyanın “Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V.” təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), həmçinin Dövlət Turizm Agentliyi, Turizm Bürosu, Hotellər Assosiasiyası, Bacarıqlı Ol layihəsi ilə əməkdaşlıq edib.

Tədbirin təşkilinə Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir