Xəbər

`Azəriqaz`ın bu camaatla NƏ ƏDAVƏTİ? – Onların şikayətinə məhəl qoyan yoxdur…

Xaçmaz rayonunun Ağarəhimoba kənd sakinləri uzun illərdir kəndə qaz çəkilməməsindən şikayətlənirlər.

Ağarəhimoba kəndi rayonun Qımılqışlaq bələdiyyəsinə tabe olan 9 kənddən biridir. Kəndlilər deyir qaz problemi ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq, onların şikayətinə məhəl qoyan yoxdur. ­­

Kəndin 68 yaşlı sakini Orucəli Məmmədov deyir bir neçə ildir odun tapmaq da müşkülə çevrildiyindən, kənd camaatı həyətlərindəki ağacları kəsirlər.

Hər otaqda odun yandırmamaq üçün kəndlilər özlərindən istilik sistemi də icad ediblər. Lakin “odun kombisi” adlandırdıqları bu peç də onlara kömək etmir.

Qurban Qonağov deyir ki, qışı yola vermək üçün 600-700 manat xərcləri çıxır ki, bu da kəndli üçün böyük məbləğdir. Müsahibim deyir, təbii qaz çəkilsə, həm xərcləri azalar, həm də rahatlıq olar. Daha qışın soyuğunda gecələr bir-iki saatdan bir durub, odun kombisinə keşik çəkməzdilər.

Azəriqaz sakinlərin şikayətləri ilə bağlı BBC-nin sorğusuna cavab verməyib.

Lakin Ağarəhimoba sakinlərinin qayğısı təkcə bununla bitmir. Kəndlilər deyir elə qaz problemi qədər, kəndin yol problemi də uzun illərdir həll edilmir.

Biz də kəndə gələrkən iki kilometrlik yolu təxminən 15 dəqiqəyə gəlib çatdıq. Sonra kənd sakinlərindən öyrəndik ki, kəndi qonşu kəndlə və rayon mərkəzilə bağlayan dövlət balanslı yol yoxdur.

Hazırda istifadə edilən yol isə Xaçmaz kanalının xidməti yoludur ki, sakinlər deyir kanal idarəsi həmin yolu istədiyi vaxt bağlaya bilər.

Üstəlik bu yol kanala çox yaxın olduğundan qışda, qarlı vaxtlarda oradan keçmək təhlükəli olur.

Sakinlərin şikayətləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən cavab almaq mümkün olmayıb.

Problemlər ucbatından imkanı olanların kənddən köçdüklərini deyən Ağarəhimoba sakinləri deyir ki, əgər aidiyyatı qurumlar kəndin problemlərini həll etməsələr, bir neçə ilə kənd tamamilə boşalacaq. //BBC Azərbaycanca//

Daha ətraflı aşağıdakı videoda:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir