İqtisadiyyat

Neftin qiyməti KƏSKİN UCUZLAŞA BİLƏR – 40 dollardan aşağı…

“Neftin qiymətlərinin sentyabr ayına qədər davamlı azalması gözləniləndir”.

Redaktor.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

Dünya bazarında neftin ucuzlaşmasına münasibət bildirən F. Yusifovun sözlərinə görə, ABŞ-la Çin arasında aylarla davam edən ticarət müharibəsi özünün yeni, daha gərgin olacaq növbəti mərhəlləsinə daxil olmağa hazırlaşır:

“ABŞ prezidenti Donald Tramp nəhayət çoxdan hədəflədiyi məqsədinə yetişmək üzrədir. Dünya üzrə Ümumi Daxili Məhsulunun 40%-ə yaxınını istehsal edən bu iki nəhəng ölkə arasında gedən və getdikcə daha da dərinləşən müharibə beynəlxalq iqtisadiyyata ciddi zərbə vurmaqdadır. Bu ilin sentyabr ayından ABŞ-ın Çin məhsullarının idxalına tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar isə dünya iqtisadiyyatına daha ciddi zərbə vura biləcək. Dünya bazarlarında neftin qiymətlərinin 60 dollar səviyyəsindən aşağı düşərək, bir barel üçün 56 dollar 30 sent ətrafında olması da əyani sübutdur. İki nəhəng arasında ticarət müharibəsinin yeni mərhəlləsinin bu ilin sentyabr ayından başlayacağına baxmayaraq, dünya iqtisadiyyatı inkişaf templərinin aşağı düşəcəyinin qaçılmaz olacağına indidən öz münasibətini bildirir. Bu templər aşağı düşəcəksə, neftə tələbat da azalacaq. Sentyabr ayına qədər OPEK neftin hasilatını azaltmaqla bağlı ekstrimal bir qərar qəbul etməyə qadir olmasa, o halda qiymətlərin 40 dollar və bundan da aşağı bir səviyyəyə düşməsi mümkündür”.

Mövcud gərginliyin Azərbaycan iqtisadiyyatına təsirlərini də şərh edən sabiq maliyyə naziri vurğulayıb ki, neftin qiymətlərinin kəskin azalacağı tədqirdə büdcəyə yenidən baxmaq zərurəti yarana bilər:

“İki dünya nəhəngi arasında baş verən ticarət müharibəsi digər ölkələrin də iqtisadiyyatına və maliyyə durumuna təsirsiz ötüşməyəcək. Azərbaycanın 2019-cu il dövlət büdcəsində neftin bir bareli üçün 60 dollar müəyyən olunub. Neft ölkəsi kimi bizim üçün neftin qiymətlərinin aşağı düşməsi heç arzuolunan deyil. Bu qiymətlər 2014-2015-ci illərdə kəskin azaldıqda, milli valyutamız iki dəfədən çox dəyər itirdi. Bank sektorumuz və xarici valyutada kreditlər götürmüş iş adamlarımız isə bu zərbədən hələ özlərinə gələ bilməyiblər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir