Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) “Yelload” MMC ilə maliyyə dəyəri 17 464 AZN olan müqavilə bağlayıb.
HİT.Az xəbər verir ki, müqavilədə MİDA-nın 5 illik fəaliyyətini əhatə edən hesabatların hazırlanması xidmətlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Yelload” MMC 15 may 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mikrorayon, ev 11, mənzil 96-da yerləşir. MMC-nin qanuni təmsilçisi Nəcəfov Azər Radin oğludur.
“Yelload” MMC-nin 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin qanuni təmsilçisinə gəlincə, məlum olur ki, o, Azərbaycan Dövlət Reklamçılar Agentliyi yanında İctimai Şuranın üzvlüyünə namizəd olub. Şuraya seçkilər 19 mart 2021-ci ildə keçirilib. Lakin nəticələr barədə məlumat açıqlanmayıb.
MİDA Azərbaycan Prezidentinin “dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən yaradılıb. Qurumun İdarə Heyətinin sədri Sadıq Sadıqovdur.