Manşet

Bu gün Məmməd Əkbərin doğum günüdür

 

Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı.

Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat onu elə uşaq yaşlarından çox böyük sınağa çəkir. O, 6 yaşında ikən atası Həmzə, 8 yaşında ikən anası Səltənət xanım vəfat edir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır.

1919-cu ildə aclıq və qıtlıq üzündən Ordubadda vəba xəstəliyi yayılır. Nənəsi Gülsüm xanım çoxları kimi vəbanın qurbanı olur. Kimsəsiz qalmış 11 yaşlı Məmməd ağır həyat şəraitindən mədrəsədəki təhsilini yarımçıq qoyub özünü və bacısı Tərlanı dolandırmaq üçün Ordubadın Vələver kəndində Mirheydər Mirqədir oğlunun qapısında qoyun-quzu otarır, zəhmət haqqı əvəzinə ildə 2 pud buğda və 2 pud arpa almaq şərti ilə muzdurluq edir. 1923-cü ildə 14 yaşının tamamında Məmməd muzdurluğun daşını atıb Ordubada qayıdır və ipək zavodunda usta şagirdi kimi işə düzəlir. Eyni zamanda savadsızlığın ləğvi məqsədilə zavodda açılmış 3 illik yüksək tipli savad kurslarında ibtidai təhsil alır.

O, aylar, illər ötdükcə kağız-qələmə daha çox bağlanır, sözün tilsimli cazibəsi ilə Tiflisdə çap olunan “Yeni fikir” qəzetinə müxbir məktubları göndərir. 1924-cü ildə “Ordubad klubunun halı” adlı ilk məqaləsi “Yeni fikir” qəzetində çap olunanda Məmməd Əkbərin cəmi 15 yaşı vardı. 1925-ci ildə ibtidai təhsilini böyük müvəffəqiyyətlə başa vuran Məmməd ipək zavodu rəhbərliyinin zəmanəti ilə 2 il dövlət hesabına Ordubadda açılan kəndli gənclər məktəbində təhsil alır. Onun acı həyat hekayətindən xəbərdar olan məktəbin müəllimləri Məmmədin oxumağa çox həvəsli olduğunu görüb, dərsə davamiyyətinə diqqət yetirir, geyimə, tədris kitablarına olan ehtiyacını təmin edir, qayğılarını əsirgəmirdilər. Kəndli gənclər məktəbinin direktoru Vəli Məmmədov 1927-ci ldə Məmmədi əlaçı məzun kimi təhsilini davam etdirmək üçün Naxçıvan pedaqoji texnikumuna göndərir. Məmməd Əkbər 1928-ci ildə Naxçıvan Pedoqoji Texnikumunu bitirir. May ayında isə “Kəndli qəzetəsi”nin baş redaktoru Hüseyn Eldarov məktubla onu Bakıya, işə dəvət edir. O, əvvəlcə ədəbi işçi, sonra kənd təsərrüfatı şöbəsinin müdiri, bir neçə aydan sonra isə “Kommunist” qəzetində oçerkist, şöbə müdiri vəzifələrinə irəli çəkilir. Bakı mühiti gənc jurnalistin həyatında dönüş yaradır. Birgə çalışdığı Həbib Cəbiyev, Hüseyn Eldarov, Məmmədəli Sidqi, Əsəd Tahirov, Süleyman Məlikov kimi təcrübəli, istedadlı qələm sahiblərinin iş üslubu Məmməd Əkbərin jurnalist kimi inkişafında, mahir oçerkist, tərcüməçı kimi yetişməsində misilsiz rol oynayır, yaradıcılıq imkanlarına qol-qanad verir. 1931-ci ildə Məmməd Əkbər Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsilini qiyabi davam etdirir. 1932-ci ilin sonunda isə bir illik əsgəri

xidmətə çağırılır. Azərbaycan atıcı diviziyasının birinci alayında əsgəri xidmətdə olan yazıçı Məmməd Əkbər diviziyanın siyası şöbəsinin orqanı olan “Qızıl Əsgər” qəzetində işə cəlb edilir. O, tərxis olunduqdan sonra da 1938-ci ilin sentyabrınadək, yəni hərbi qəzet bağlananadək burada oçerkist, xüsusi müxbir, hərbi hazırlıq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Məmməd Əkbərin “Şadman” adlı ilk oçerklər və hekayələr kitabı 1932-ci ildə Azərbaycan dövlət nəşriyyatında çap olunub. 1958-ci ildə Məmməd Əkbər Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Elə həmin ildən 1941-ci ilin iyuluna, yəni bağlananadək “Revolyusiya və Kultura” (İnqlab və Mədəniyyət) jurnalında çalışır. Bundan sonra o, yenidən “Kommunist” qəzetində mətbuat şöbəsinə təyin edilir. 1941-ci ildə Böyük Vətən müharibəsinin qızğın dövründə Məmməd Əkbər yazıçıların bir dəstəsi ilə səfərbərliyə alınıb, sovet ordusunun tərkibində hərbi müxbir kimi İrana göndərilir. 1942-ci ilin aprelinədək Rəştdə “Sərbazi Sorx” (Qızıl Əsgər) qəzetində əməkdaşlıq edir və İran zəhmətkeşlərini sovet xalqının həyat tərzi, nailiyyətləri ilə tanış etmək məqsədilə oçerklər, məqalələr yazır. 1942-ci ildə Azərbaycan KPMK-nın sərəncamı ilə hərbi müxbir kimi bir aylıq cənub cəbhəsinə, döyüşən orduya göndərilir. Onun Rostov, Donbas, Voroşilovqrad və Lisiçansk ətrafındakı qanlı döyüşləri, əsgərlərimizin rəşadətini, vətəpərvərlik ruhunu, həyata sevgisini əks etdirən silsilə oçerk və hekayələri belə yaranır.

1942-ci ilin sentyabrından Məmməd Əkbər bir müddət Azərbaycan Radio Komitəsinin siyasi verilişlər şöbəsində redaktor işləyir.

Məmməd Əkbər Azərbaycan mətbuatının sıravi əsgərlərindən biri idi. O, 50 il fasiləsiz olaraq sevimli peşəsindən ayrılmamışdır. Məmməd Əkbər Azərbaycan milli mətbuatında, xüsusilə “Ədəbiyyat” qəzetində gərgin əməyi, fədakar fəaliyyəti, nəsr və publisistikamıza verdiyi özünəməxsus töhfələri ilə, eləcə də yüksək mədəniyyəti, həqiqi vətənpərvərliyi ilə ədəbi ictimaiyyət, elm və sənət adamları arasında dərin hörmət və məhəbbət, həqiqi, halal nüfuz qazanmışdı. Əsərləri: “Şadman” (oçerk və hekayələr), “Kolxoz tarlalarında”, “Gənc qaliblər”, “Surəyya”, “Yeni həyat quranlar”, “Sumqayıtın gənc inşaatçıları”, “Həyatımızdan səhifələr”, “Dostlar və tanışlar”, “Hekayələr, oçerklər, xatirələr” Məmməd Əkbər 20-yə dək ədəbi-bədii və tərcümə kitabının müəllifidir.

Məmməd Əkbər 1948-1952-ci illərdə Bakı şəhər sovetinin deputatı olub.

Məmməd Əkbər həyatın min bir çətinliyindən, ağır-əzablı sınaqlarından keçdi. Yetimliyin, aclığın yalquzaq əllərindən qurtulub mətinliklə ayağ üstə dura bildi. O, ədəbiyyatın iddiasız yolçularından, ədəbi mətbuatın ağır yükünü çəkənlərdən biri idi. Nəcib, xeyirxah bir insan kimi ürəklərdə dərin iz qoydu. Ucuz, ədəbi şöhrət ardınca qaçmadı. Nəsr, publisistika, tərcümə sahəsində fədakar yaradıcı əməyi ilə şərəfli sənətkar ömrü yaşadı. Çox böyük istedadı, zəhmətsevərliyi, yüksək ziyalı mədəniyyəti ilə nüfuz qazandı. Məmməd Əkbər 1974-cü il dekabrın 10-da 65 yaşında Bakı şəhərində vəfat edib.

Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir