Müəllimlik dünyada ən çətin, ən məsuliyyətli peşədir. Lakin çətin olmasına baxmayaraq ən şərəfli və ən yaxşı peşədir. Ona görə ki, müəllimlər müxtəlif xarakterli, həmçinin fərqli psixologiyaya məxsus şagird və tələbələrlə birlikdə çalışır.
Savadlı, bilikli, geniş dünyagörüşlü bir sözlə nümunəvi əxlaqa malik insanlar məhz müəllim əməyinin nəticəsində formalaşır. Bu insanlar isə cəmiyyəti daha çox inkişaf etdirir. Buna görə də müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Çox vaxt müəllim əməyini bağban əməyi ilə müqayisə edirlər. Çünki bağban min bir zəhmətlə əkib, yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, müəllimin də qəlbi sevincdən dağa dönür öz yetirmələrinin xoş sorağını alanda.
Müəllim keçmişi öyrədən gələcəyi qurandır. Ona görə ki, müəllim bizlərə tariximizi, keçmişimizi öyrədir. İnsanın gələcək həyat və fəaliyyətində bütün lazım olan bilik və vərdişləri öyrətməklə savadlı, bacarıqlı şəxsiyyətlər yetişdirir müəllim.

Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin çox böyük, hətta əvəzsiz xidmətləri olmuşdur. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar da məhz müəllim əməyinin yetişdirmələridir.
Müəllim həyatının şərəfli ömür yolunda qürurla addımlayan şəxslərdən biri həqiqətən də ömrünü tələbələrin savadlı, sağlam ruhda böyüməsinə həsr etmiş müəllimlərdən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovu nümunə göstərmək olar. İbrahim müəllim ilk növbədə tələbələrini sevən və ən əsası onlarla dostluq etməyi bacaran ictimai elm xadimidir. İbrahim müəllim tədris etdiyi fənnin elmini çox yaxşı bilir, ona vurğunluqla onun inkişaf üfüqlərini-yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Rektorun dərin biliyi, tələbələr qarşısında elmin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilir. Tələbələr İbrahim müəllimin simasında bilikli, peşəsinə vurğun bir insan görürlər. Təbii ki, belə bir müəllimin yetişdirdiyi tələbələr də gələcək üçün faydalı şəxsiyyətdirlər.
25 iyul 2013-cü ildən, yəni İbrahim müəllim rektor təyin edildiyi gündən universitetin uğurları və əldə etdiyi nailiyyətləri göz önündədir. Bu illərdə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə 2 tələbə evinin və 1 tədris korpusunun açılışı həyata keçirilmişdir.

Universitetə Kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olunan tələbələrə əlavə təqaüdlər verilir.
İbrahim Cəfərov xalqın, vətənin problemləri ilə yaşayaraq, tələbələrini də bu ruhda yetişdirir. Hər zaman tələbələrinə müəllimliyin vətənpərvərlik peşəsi olduğunu xüsusilə vurğulayır. İbrahim müəllim tələbələri, torpağa, Vətənə məhəbbət ruhunda tərbiyə edir, onları Vətənin müdafiəsinə hazırlayır. Necə ki, özü İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qaldığı gündən həmyerlilərimizin yanında olmuş, əlindən gələni əsirgəməmişdir.

Onu da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin raket hücumlarına məruz qalması nəticəsində xeyli sayda dinc sakin həlak olmuş, evləri dağılmışdır. Həmin vaxt İbrahim müəllim 150 nəfərdən ibarət 52 ailəni universitetin tələbə evində yerləşdirmiş, onları geyimlə, ərzaqla bir sözlə insanın yaşaması üçün lazım olan nə varsa onlarla təmin etmişdi. Hətta bu zaman da hər iki valideynini itirmiş Əliyeva Sevil Anar qızı universitetin “Marketinq” ixtisasına qəbul olub. İbrahim müəllim Sevili şəxsən qəbul edib, planşetlə mükafatlandırıb və təhsil aldığı bütün illərdə 150 manat əlavə təqaüd alacağına qərar verib.

İbrahim müəllimin qəlb evi sanki bir səxavət məkanıdır. Oradan gələn xeyirxahlıq heç bir göstəriş tanımır.
İbrahim Cəfərov bu cür xeyirxahlığına, yüksək əqidəsinə həmçinin nümunəvi ziyalılığına görə bir neçə illər “İlin Rektoru” adına layiq görülmüş və bu adı layiqincə yerinə yetirmişdi.
İbrahim Cəfərov xeyirxahlığı, vətənpərvərliyi, övladlarımızın mənəvi aləminin inkişafının, gələcək həyatının təminatçısına çevrilir. Biz bütün hallarda müəllimlərimizə və müəllimliyə borcluyuq.
Məqaləmi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllim əməyini yüksək qiymətləndirərək söylədiyi müdrik kəlamı ilə bitirirəm:
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”!
Günel Baratzadə
Bölgə müxbiri





