Hər bir vətəndaşın özünə verəcəyi sual var. Vətən nədir? Mən də bir Azərbaycan vətəndaşı olaraq özümə sual verdim ki, Vətən mənim üçün nədir? Cavabım belədir: Vətən doğma diyar, ana yurd. Vətən babaların, dədələrin bizlərə ən dəyərli əmanətidir. Bizlər də bu əmanəti göz bəbəyi kimi qorumalıyıq.
Vətən tariximiz, ənənəmiz, azadlığımızdır.
Vətən bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.
Vətən bizim üçün anadır. Elə məhz “Ana Vətən” sözü də buna görə söylənir. Ana övlad üçün nə qədər müqəddəs bir varlıqdırsa, Vətən də öz övladları üçün bir o qədər doğma, əziz və müqəddəsdir. İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “Ana Vətən” sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.
Hər bir xalqın fərdi qəlbində Vətən, millət, xalq və dövlət sevgisi daşıyır. Vətən, yurd sevgisi təkcə insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss var.
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Vətən sevgisi hər bir vətəndaşın qanında, canında, ruhunda olmalıdır.
Vətən bizə valideynlərimizin öyrətdikləridir. Anam mənə hər zaman deyirdi ki, oğlum bir ömür vətənin keşiyində dayan, o, deyirdi ki, insan təkcə səngərdə vətəninə xidmət etmir, insan bir ömür bütün sahələrdə vətəninə xidmət etməlidir.
Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Ona görə ki, biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir. Çünki ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər.
Vətənimiz Azərbaycan bizim üçün nə qədər müqəddəsdirsə Vətənimizin atributları da bizim üçün müqəddəsdir.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkündür. Bildiyimiz kimi Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır.
Vətən himni gözlərimizi qəlbimizi kövrəldib, gözlərimizi yaşardan analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və qüdrət nərəsidir. Buna görə də himn oxunan zaman hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur, hətta himn oxunarkən əllər qəlbin üzərinə qoyulur ki, bu da Vətən sevgisinin qəlbdən olduğuna bariz nümunədir. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata-babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir. Biz də Azərbaycan vətəndaşı olaraq bu müqəddəs vəzifəmizi böyük şərəf və ləyaqətlə yerinə yetirilməliyik. Hər bir Azərbaycanlının borcudur ki, vətənini və onun milli atributlarını qorusun.
Hər kəsə məlumdur ki, 30 ilə yaxın idi ki, Vətənimizin qədim və dilbər guşələrindən olan Qarabağ torpaqları mənfur düşmənlərimiz tərəfindən işğal edilmişdi. Lakin 2020-ci ilin Sentyabr ayının 27-dən başlayıb 44 gün davam edən İkinci Qarabağ müharibəsində minlərlə qəhrəman igidlərimiz şücaət göstərərək qanları, canları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Şükürlər olsun ki, başda Ali baş komandanımız cənab İlham Əliyev olmaqla mərd, qorxmaz, yenilməz Azərbaycan ordusu sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olundu. Bu müqəddəs torpaqlar uğrunda neçə-neçə igidlər gözlərini qırpmadan, ölümün gözünə dik baxaraq, qanlarından, canlarından keçərək məhz torpaqlarımızın azadlığı naminə ən uca və şərəfli məqam olan şəhidlik zirvəsinə ucaldılar. Bu da Vətənə olan xüsusi sevgidən qaynaqlanır. Torpaq əgər, uğrunda ölən varsa Vətəndir! Unutmamalıyıq ki, bu torpağın hər qarışında şəhidlərimizin qanı vardır. Şəhidlər ölməz, Vətən bölünməz!
Vətənimiz bizə Şəhidlərimizin əmanətidir. Vətən bizə Mübarizələrin, Poladların və saysız-hesabsız igidlərin, mərd Vətən oğullarının əmanətidir.
Buna görə də biz hər birimiz vətənimizi sevməliyik, onun qeydinə qalmalıyıq. Hətta yeri gələrsə Vətən uğrunda qanımızdan, canımızdan keçməliyik.
Fikirlərimi görkəmli şairimiz Səməd Vurğunun Vətənə olan sevgisi əsasında yazdığı şeirinin bu dəyərli misraları ilə tamamlamaq istəyirəm.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Tamerlan Qasımlı
“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin Gənclər və Könüllülərlə iş üzrə Departamentinin rəhbəri





