Manşet Xəbər

104 İL VƏTƏN KEŞİYİNDƏ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı.

“Zirvə yolu” xatırlardır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, “Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir.

Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

28 mart 1919-cu ildə Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Hazırki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürmüşdür.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

1967-ci ildə Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub.

1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi.

20 İyun 2019-cu ildən, general-polkovnik Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəhbər təyin olunub.

DTX xalq arasında, cəmiyyətdə insanların ən çox inandığı dövlət orqanına çevrildi.

Müasir dövrdə ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində DTX-nin rolu böyükdür.

Möhtərəm Prezidentin anonsunu verdiyi islahatların fonunda Dövlət Təhlükəsizliyi Xidmətinə Əli Nağıyev kimi peşəkar “çekist”in rəis təyin olunması bu islahatların hərtərəfli, dərindən aparılacağına bir işarə idi.

Çünki diqqət yetirsək son illər ərzində DTX-nin fəaliyyətində islahatlar aparılaraq müsbət və peşəkar istiqamətdə yeni bir yanaşmanın ortaya qoyulduğunu görürük. İnsanlar hardasa bir ədalətsizlik, qanun pozuntusu, məmur özbaşınalığı, korrupsiya halları görürsə, o saat orada DTX-nin əməkdaşlarını, xüsusən, el arasında qəhrəmana çevrilmiş “qara maskalılar”ı görməyi arzulayırlar. Təbii ki, dövlətə xidmət kimi müqəddəs vəzifə belə də icra olunmalıdır. Bu gün DTX, bu orqanın rəhbərinin timsalında pəşəkarlardan formalaşmışdır. Ən əsası odur ki, bu orqanın əməkdaşları öz işini çox yaxşı bilirlər. Harada lazımdırsa, ordadırlar. DTX əməkdaşlarının işi ən çətin, ən məsuliyyətli və eyni zamanda da ən şərəflidir.

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı Namiq Abbasov Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət bildirərkən qeyd etmişdir ki, vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirir: “Əli Nağıyev uzun müddət Milli Təhlükəsizlik Nazirliyində çalışmış və nazir müavini vəzifəsinədək yüksəlmişdir. Əli Nağıyev professional “çekist” və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır. O, işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır”.

Sabiq nazir bildirib ki, Prezident İlham Əliyevin Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət başçısının uğurlu kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir: “Bu, həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir”. Həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması bir daha göstərdi ki, kimliyindən asılı olmayaraq qanunları pozan hər bir şəxs öz layiqli cəzasını alacaqdır. Çünki belələri ilk növbədə onlara göstərilən etimadı doğrultmayıblar.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü daxili və xarici siyasət kursu diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə etibarını, eyni zamanda Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da möhkəmləndirdi.

Heç də sirr deyil ki, bu tarixi qələbənin əldə edilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin də xüsusi rolu vardır. Azərbaycan təhlükəsizlik orqanlarının milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, erməni silahlı birləşmələrinə qarşı, hələ birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə vuruşanlardan biri də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları idi. Çünki onlar Vətənə sipər oğullar olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət və qəhrəmanlıq nümunəsi göstərdilər.

Həmçinin xüsusi qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Unutmayaq ki, DTX əməkdaşları gözəgörünməz cəbhənin insanlarıdır. Əbəs yerə təhlükəsizlik orqanlarına dövlətin onurğa sütunu demirlər. Qısa müddət ərzində bu orqanın belə qürurverici hala çatdırılmasında birinci Qarabağ müharibəsində iştirak etmiş, vətən oğlu general-polkovnik Əli Nağıyevin fəaliyyəti əvəzsizdir, danılmazdır. Bu yerdə Ulu Öndər Heydər Əliyevin “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun” fikri əsl yerinə düşür.

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında özünün inkişafının və təkmilləşməsinin yeni mərhələsini yaşayır. Xüsusi xidmət orqanları hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz komponentidir. Dövlət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinə yüksək etimad göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti haqqında aşağıdakı fikirləri bildirmişdir:

“Biz bilirik bizim ətrafımızda nələr baş verir, bilirik və bilməliyik, bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər, həddindən artıq səmərəli işləyirlər, bu qədər deyə bilərəm, bundan artıq deyə bilmərəm…”.

Son vaxtlar korrupsiya ilə mübarizə sahəsində Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin bu quruma inamın və etibarın dövlətçilik fonunda təcəssüm etməsinə səbəb olmuş, əslində, bu, korrupsiya və rüşvətlə mübarizə sahəsində yeni nəfəs, yeni dövlətçi təfəkkürün, vətənə sədaqət və sevginin təzahürüdür.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu etimadı doğrultmaq, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək üçün çox böyük əzmlə, yorulmadan çalışır, üzərinə düşən vəzifəni şərəf və ləyaqətlə yerinə yetirir.

Tam əminliklə demək olar ki, hər zaman olduğu kimi hazırki vaxtda da Azərbaycan xalqının, millətinin və dövlətinin təhlükəsizliyi, sabitliyi, suverenliyi DTX rəisi Əli Nağıyev və onun peşəkar komandası ilə tam etibarlı əllərdədir.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir