Övlad dünyanın ən böyük səadətidir.
Hər bir valideynin ən böyük var-dövləti onun övladlarıdır. Allah heç bir valideynə övlad acısı yaşatmasın. Çünki bu dünyada övlad acısından daha ağır bir dərd yoxdur. Lakin çox təəssüflər olsun ki, redaksiyamıza daxil olan şikayət ərizəsində valideyn azyaşlı övladının naməlum şəkildə ölümündən şikayətçidir.
İndi isə həmin valideynin şikayət ərizəsini təqdim edirik:
“Mən Həmidov Qurban Abdulkərim oğlu yazıb sizə bildirmək istəyirəm ki, mən ailə üzvlərimlə birlikdə həyat yoldaşım Həmidova Turanə Bəşarət qızı, qızım Həmidli Zülfiyyə Qurban qızı və mərhum oğlum Həmidli Səid Qurban oğlu 2021-ci ilin iyun ayından etibarən İnarə İbrahimovaya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsi ev 2 ünvanında müqaviləsiz şəkildə yoldaşım təmizlik işlərini yerinə yetirməklə, mən isə bağban kimi əmək fəaliyyəti ilə məşğul olmuşuq. Evin birinci mərtəbəsində çimmək üçün nəzərdə tutulan su hovuzu olduğu üçün kənarının məhəccər olunmasını bildirdik ki, iki azyaşlı övladımın təhlükəsizliyini təmin etmək üçün. Ev yiyəsi İnarə İbrahimova bunu edəcəklərini desə də, buna əməl etmədi və nəticədə oğlum Həmidli Səid naməlum şəkildə həmin su hovuzuna düşərək vəfat etmişdir. Onlar biz şikayətçi olmayaq deyə yalan vədlər verərək, bizi yenidən işləmək üçün evlərinə gətirdilər. Lakin bir müddət keçdikdən sonra bizə qarşı davranışları aqressiyalı olmağa başladı. Yoldaşımı oğlumuz rəhmətə gedəndən sonra əsəb və stressdən əziyyət çəkdiyi üçün həkimə aparmalı idim, lakin onlar həkimə belə getməyə icazə vermədilər. Ev yiyəsinin oğlu İbrahimzadə Elyas Fikrət oğlu içkili halda üstümə gələrək oğlum dünyasını dəyişən həmin su hovuzunu təmizləməyimi bildirdi, mən buna qarşı gəldikdə ki, mən onu edə bilmərəm hansı ki, həmin su hovuzuna oğlum naməlum şəkildə düşərək vəfat etmişdir, buna baxmayaraq mənə nalayiq söyüşlə, hədə-qorxu gələrək, hətta evdə odlu silah götürüb məni öldürmək məqsədilə hücum etdi, kənar müdaxilələr olmasaydı bəlkə də məni öldürə, yaralaya bilərdi. Bunu bilən Elyasın anası İnarə güya ki, bunların evini yaxşı təmizləmədiyimiz üçün, oğlunun dediyini etmədiyimiz üçün 2022-ci il avqustun 28-i gecə saat 2-də, azyaşlı övladımızın olmasına baxmayaraq bizi evdən qovdular. Aylıq maaşımı almadığım üçün səhəri gün həmin evə qayıdaraq aylıq pulumu istədikdə yenə hədə-qorxu, təhdidlə üzləşdik. Ev yiyəsi İnarə İbrahimovanın həyat yoldaşı Fikrət İbrahimov aylıq məvacibimizi vermədən, rədd olun qapımdan çıxın gedin deyərək bizi qovdu. Onu da bildirim ki, Fikrət İbrahimov tanınmış şirkət olan Çiko şirkətinin ortaq rəhbərlərindən biridir. Mən bunlardan şikayətçi olacağımı bildirdim. Şikayətçi olaramsa Fikrət İbrahimov məni öldürtdürəcəyini və hara şikayət etsəm də baxılmayacağını bildirdi. Həmin gün oğlu Elyas İbrahimzadə zəng edərək şikayətçi olsam narkoman dostlarının olduğunu və onlarla birlikdə məni öldürəcəyini, Bakı şəhərindən çıxmağa icazə verməyəcəyini bildirdi.
Onu da qeyd edim ki, Elyas İbrahimzadə narkotik aludəçisidir. 9 ay narkotikdən müalicə almışdır, lakin buna baxmayaraq yenə də içki və narkotikdən istifadə edirdi. Mən yenidən Fikrət İbrahimova zəng edib oğlu Elyasın məni öldürtdürməklə hədələməsini və buna görə şikayətçi olacağımı desəm də Fikrət İbrahimov mənə dedi ki, ne edirsen et heç bir nəticə almayacaqsan.
Beləcə mən də oğlumun naməlum şəkildə su hovuzuna düşərək vəfat etməsi ilə bağlı 23 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Baş Prokuror cənab Kamran Əliyevə məktub vasitəsilə şikayət ərizəsi yazdım. Baş Prokurorluq ərizəmlə bağlı şikayətimi Abşeron rayon Prokurorluğuna yönləndirdi. Abşeron rayon Prokurorluğundan çağrıldığımızda sanki mənim övladım İnarəyə məxsus evdə su hovuzuna düşərək ölməmişdir. Əksinə onların övladı mənim evimdə vəfat etmiş kimi mənə qarşı şiddətli cavab verildi və Abşeron Prokurorluğundan mədəni surətdə Prokuror köməkçisi Turanə Mirzəyeva onlara tərəf çıxaraq məni və ailəmi oradan uzaqlaşdırdı. Hətta onların odlu silahla mənə hədə-qorxu gəldiklərini bildirsəm də məhəl qoymadı. Bundan sonra yenə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Nəticədə oğlumun ölüm hadisənin qeyri-obyektiv araşdırılmasına dair Baş Prokurorluqda müraciətimə baxılmışdır. Müəyyən edilmişdir ki, 23.10.2021-ci il tarixdə saat 11:00 radələrində 26.04.2016-cı il təvəllüdlü oğlum Həmidli Səid Qurban oğlu yaşadığımız Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsi ev 2 ünvanında yerləşən evin birinci mərtəbəsində çimmək üçün nəzərdə tutulan hovuzda dünyasını dəyişməsi ilə əlaqədar materiallar baş prokurorluq tərəfindən tələb edilərək öyrənilmiş, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar 26.01.2023-cü il tarixli qərarla ləğv edilərək yenidən araşdırma aparılması barədə Abşeron rayon prokurorluğuna göndərilmişdir.
Lakin buna baxmayaraq heç bir iş aparılmır. Müvafiq orqanlara şikayətimizi bildirsək də ev sahibi Fikrət İbrahimovun dediyi kimi heç bir nəticə yoxdur.
Sizdən xahişim odur ki, müraciətimi işıqlandıraraq, mənim bu məsələmə aidiyyəti orqanlar tərəfindən baxılmasına köməklik göstərəsiniz”.
“Biz də bu məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq onlar da bildirdilər ki, bizim bu ölüm faktı ilə heç bir əlaqəmiz yoxdur, onlar istənilən yerə şikayət edə bilərlər, lakin əlbəttə ki, son sözü qanun deyəcək”.









