Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclasında iştirak etmək üçün Şuranın həmsədri Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
“Zirvə yolu”nun məlumatına görə, səfər çərçivəsində Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Orxan Məmmədov, maliyyə naziri Samir Şərifov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşlər keçirib.
O. Məmmədov və Ə. Dakhil arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və investisiya layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişafına maraq ifadə olunub, İşgüzar Şura çərçivəsində hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün növbəti addımlara dair fikir mübadiləsi aparılıb.
KOBİA-nın İdarə Heyətinin sədri özünün tviter hesabında yazıb ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası və Səudiyyə Ərəbistanı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində potensial layihələrin təqdimatları ilə İnvestisiya Dəyirmi Masa keçirilib. O qeyd edib ki, onlar əməkdaşlığı daha da genişləndirməyi səbirsizliklə gözləyirlər.


