AREA: “Azərbaycanda 2030-cu ilədək 7 QVt həcmində bərpa olunan enerji layihələri həyata keçiriləcək”
Azərbaycanda 2030-cu ilədək 7 QVt həcmində bərpa olunan enerji üzrə layihələrin reallaşdırılması planlaşdırılır.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdiri vəzifəsini icra edən Cəbrayıl Əliyev bu gün Bakıda “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.
O bildirib ki, həmin layihələrdən əldə olunan enerjinin 2 QVt-ı daxili istehlak, 4 QVt-ı Xəzər dənizindən Avropa İttifaqına ötürülməsi üçün nəzərdə tutulub: “1 QVt həcmində enerji isə Azərbaycandan Türkiyə və Avropaya yönəldiləcək”.
C. Əliyev xatırladıb ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib: “Burada “yaşıl texnologiya”ların və enerji səmərəliliyinin layihələrdə tətbiqi nəzərdə tutulur və istər günəş panellərinin, istərsə də müasir tipli avtomobil dayanacaqlarının, elektrik avtomobillərinin təşviqi ilə bağlı hədəflər var”.


