Köşə

Telekanallarımıza yas tutmağın zamanı çoxdan yetişib

Son zamanlar ən aktual problemlərdən biri Azərbaycan televiziyalarında aparıcı problemidir. Hər yoldan ötən televiziyaya ayaq açır. Küçədən keçənə gözəlsən, əndamın yaraşıqlıdır deyib, televiziya ekranlarına çıxarılması, tamaşaçı audotoriyasını da itirir. Tamaşaçı gözəl üzdən, cazibadar əndamdan tez yorulur. Xüsusən özəl kanallarda milli-mənəvi dəyərlərə zidd simaların çoxalması ziyalılarımızı narahat etsə də, TV rəhbərliklərinə mental dəyərlər, Azərbaycan ədəbi dilinin qorunması, rəvanlığı, keyfiyyətli verilişlərin hazırlanması deyil, yaşıl ekranlarda əldədüzəltmə sonaların çoxalması, başı boş, xarici görünüşü standartlara uyğun olan xanımların cəlb olunmasıdır. Söz azadlığının verdiyi töhfələri sadalamaqla qurtarmaz. Lakin söz azadlığı, senzuranın ləğvi Azərbaycan televiziyalarının faciəsini gətirdi. Ekranlarda cinsiyyəti bəlli olmayanlar, translar, orta məktəb bitirməyənlər, milləti bəlli olmayanlar aparıcılıq edir. Bu problem tez- tez gündəmə gəlsə də, çözülməyən problem olaraq qalmaqdadır. Efir nədir bilməyənlər, efir mədəniyyətindən bixəbər olanlar yenə atlarını hər tərəfə çapırdırlar. Efirə çıxanların 90 % nin nə jurnalistikadan xəbərləri var, nə Azərbaycan dilinin normalarından. Televiziyaya çıxarılan suni gözəllərin nitqindəki dialekt sözlər, düzgün tələffüz olunmayan kəlimələr qulaq deşir. Mini ətək geyinib, buruna sırğa taxmaqla məsələ bitmir. Telekanallardakı nöqsanlar aparıcıların qeyri-peşəkarlığından qaynaqlanır. Orfoepiya və üslub pozuntularına məhəl qoyulmur. Ailə içində danışılması yasaq olan söhbətlərin ekranlarda müzakirə olunması utanc vericidir. Zaur Kamal tipli aparıcıların açıq- aşkar müğənnilərlə yataq söhbətləri etməsi isə başqa bir dərddir. Tv aparıcılarımız savadsız , qeyri-peşəkar olmaları ilə yanaşı həm də sırtıq və həyassızdırlar. Həyassızlıqları o dərəcədədir ki, əxlaqsızlığı təbliğ edir, cəmiyyətə əxlaq dərsi olaraq sırıyırlar. Lalə Azərtaş sanballı hesab etdiyimiz simalardan idi. O da oldu Xoşqədəmin sinonimi. Antireklam adı ilə əxlaqsızlığı reklam edənlər, Azərbaycan ailəsinə xas olmayan keyfiyyətləri cəmiyyət arasında təbliğ edir, tamaşaçını aldatmağın qürurunu yaşayır, sinələrinə döyüb “Millətin dərdinə çəkən” obrazı ilə hər gün evlərinizə qonaq gələn, sırtıq qonaq tipi yaradırlar. Sanki qəsdinə durublar Azərbaycan mədəniyyətinin. Özəl telekanalların hava proqramlarının aparıcılarından aparıcı kimi yox, parno ulduz kimi danışmaq daha məqsədəuyğun olardı. Hava proqnozu deyil, yarıçılpaq əndamlarını göstərmək üçün çıxırlar mavi ekranlara. ATV televiziyasının hava xəbərləri başlayanda əks cinsin nümayəndələri yığılır ekran başına, amma hava xəbərlərini dinləmək üçün deyil, plastik cərrahların yaratdıqları xarüqələrə tamaşa etmək üçün. Günbəgün artan şou verilişləri yarıçılpaqlara, əndamını reklam edənlərə böyük tələbat yaradır. Elə xəbər proqramlarının, analitik proqramların aparıcıları da, görünüş və geyimləri ilə heç də şou aparıcılarından arxada qalmırlar. Ciddi verilişlər və şou verilişlərinin aparıcıları arasında sərhədd qoyulmur. Aparıcı seçimində olan kriteriyalar aparıcıların dünyagörüşü, intellektual səviyyəsi, nitq qabiliyyəti ilə deyil, bədən quruluşu, dodaq dolğusu , kəsik burnu, geyim tərzi ilə bağlıdır. Aparıcı mədəniyyətindən, etikasından xəbərsiz olanlar Elgiz Əkbər kimi qonaqları yamsılamağı, əqli qüsurlu insanların canlı yayımda üstünə qışqırmağı aparıcı etikasının pozulması kimi yox, aparıcının hüquq və vəzifəsi kimi qiymətləndirirlər. Xarici televiziyaların şou verilişləri həm maarifləndirir, həm əyləndirir. Bizim şoular maarifləndirməni qoyaq kənara, əyləndirməyi belə bacarmır. Tamaşaçıya bol əsəb, davamlı stress yaşadır Qoyulan şablon suallar tamaşaçı auditoriyasını verilişdən iyrəndirir. Televiziya simalarımız niyə səmimi deyil? Səmimiyyət faktoru müzakirə obyekti bele deyil. Xoşqədəmlərin timsah göz yaşlarına mənim kimi inanmayanların təfəkkürünə əsaslansaq, televiziyalarımızda səmimi aparıcı ismi göstərə bilmərik. Əgər tamaşaçı ilə səmimiyyət qurmağı bacarsaydılar, binavələri verilişin reytinqinə görə intizarda qoyub, nəfəslərini kəsməzdilər. Kimlərinsə bədbəxtliyi üzərində öz bizneslərini qurmazdılar. Gənc qızları efirə sürükləyib, aləmdə rüsvay etməzdilər. Aparıcı xanımları məkandan kənar yerdə görsən studiyaya ya podiuma çıxacaqlarını ayırd etmək, çətin riyazi məsələ hell etmək kimi qəliz və mürəkkəbdir. Podiumdakı model kimi geyinən aparıcının qabiliyyəti yoxdursa, onun cazibəsi, vizual görünüşü kimə lazımdır? Xarici görünüşü ilə qabiliyyəti arasında disbalans olanların televiziya ekranlarını bəzəməsi, bəzəkli xalı üzərində uzunqulağın uzanması kimi bir şeydir. Rəngli televiziya ekranlarını fəth edənlərin idarə etdiyi verilişlərin formatı, mövzu seçimi, ekspert seçimi öz səviyyələrinə uyğun seçilir. Bir sözlə, telekanallarımıza yas tutmağın zamanı çoxdan yetişib.

TV rəhbərləri isə günahı özlərində deyil reklam bazarında, bilvasitə tamaşaçı marağında axtarır.

Özəl yazı

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir