
Oktyabrın 4-ü və 5-də Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə olaraq keçiriləcək Beynəlxalq Barbekü Festivalının iştirakçıları artıq ölkəmizə gəlir.
“Zirvə yolu” xəbər verir ki, festivalda müxtəlif ölkələrdən nümayəndələr iştirak edəcək.
Bunların sırasında Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink (Willem Vink), Dünya Barbekü Assosiasiyasının baş hakimi Kristofer Sandford (Chirstopher Sandford), Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazlar bir çox ölkələrin kulinariya assosiasiyalarının prezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri var.
Hazırda festivala son hazırlıqlar gedir. Belə ki, ölkəmizdə qonaq olan dünyaca məşhur şef-aşpazlar bu gün festival ərəfəsində Bakının tanınmış restoranlarından birində müxtəlif yeməklərin hazırlanmasında iştirak ediblər. Onlar həmçinin Azərbaycan mətbəxinin sevilən təamlarından olan düşbərəni bükərək bişirmə prosesini yaxından izləyiblər. Təam hazır olduqdan sonra şeflər düşbərəni dadaraq onun özünəməxsus ləzzətini yüksək qiymətləndiriblər.





