Dünya

Dünya mediası İlham Əliyevin müsahibəsini işıqlandırmaqda davam edir

Dünyanın müxtəlif ölkələrinin mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir.

“Zirveyolu.info” xəbər verir ki, Çinin milli xəbər agentliyi “Sinxua”nın Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan-Çin münasibətlərinə dair fikirləri haqqında xəbərləri Çin mediasında geniş yayılıb.

“Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirir” adlı Çin və ingilis dilində hazırlanan xəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimi dəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti hərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlət strukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyini deyib.

Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı Çin şirkətlərinin Azərbaycanda Günəş və külək elektrik stansiyalarının inşasında fəal iştirakına toxunub, çinli tərəfdaşlarla Azərbaycanda elektrik avtobuslarının istehsalına başlanıldığını deyib.

“Sinxua” Prezident İlham Əliyevin “Biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik” sitatını da xəbərə daxil edib.

“Sinxua” agentliyinin həmin xəbərini Çinin bir çox media qurumları yayıb. Bundan başqa, Çinin bəzi ixtisaslaşmış saytları Prezident İlham Əliyevin iqtisadi mövzulardakı fikirlərindən də xəbərlər hazırlayıb.

Rusiyanın aparıcı media orqanları da Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib.

RİA Novosti“, TASS, “Vesti Kavkaza”, “İnterfaks“ agentlikləri, “360” televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur.

Paylaş: