Cəmiyyət

“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar…” – “Qurumlar bunu mütləq araşdırmalıdır!”

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində qanunsuz uşaq bağçasının fəaliyyət göstərməsi ilə bağlı xəbərlər mətbuatda böyük rezonans doğurub. Ölkənin əksər ziyalıları, tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət adamları bu addımı sərt tənqid edib.

Moderator.az-a açıqlama verən Xalq artisti, görkəmli bəstəkar Siyavuş Kərimi atılan addımı düzgün olmayan hal kimi qiymətləndirib:

“Bu gün hər şeyi pul həll edir. Təəssüflər olsun ki, bu belədir. Çox təəssüf! Bu bizi konkret uçuruma aparacaq. Mədəniyyət evi öz fəaliyyəti istiqamətində inkişaf etdirilməlidir. Tarixən hər zaman özfəaliyyət kollektivləri mədəniyyət evində formalaşıb. Mədəniyyət evinin tərkibində respublikanın özfəaliyyət məkanları olmalıdır. Peşəkarlar da oradan püxtələşib üzə çıxmağa başlayacaqlar. Bu saat hamı gedib toylarda öyrənir. Özfəaliyyət bu gün toylardır. Bunu da təbliğ edirik. Mədəniyyət evləri öz funksiyasını çoxdan itirib. Mədəniyyət evləri bu dəqiqə boşdur. Orada ya mebel satırlar, ya uşaq bağçası, ya da paxlava istehsal edən sex açırlar. Pul hamı üçün önəmlidir. Amma pul mədəniyyəti ört-basdır edə bilməz” deyə sənətkar bildirib.

Millət vəkili Fazil Mustafa saytımıza açıqlamasında sözügedən bağçanın fəaliyyətinin araşdırılmasına ehtiyacın olduğunu bildirib:

“Bağçaların biləvasitə nəzarətini həyata keçirən orqan Elm və Təhsil Nazirliyidir. Ona görə də burada tabelik məsələsinə baxılmalıdır. Əgər özəl müəssisədirsə, hansısa bir müqavilə əsasında bu məkanda yerləşirsə bu başqadır. Yeri icarəyə götürə bilərlər. Amma tabeçilik yenə də Elm və Təhsil Nazirliyində olmalıdır. Bağçaların Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Konkret faktlar araşdırılmalıdır. Fikrimcə bu qanunauyğun fəaliyyət sayılmamalıdır. Əgər yerin spesifikası, hansısa bir məcburi səbəblərdən bu addım atılıbsa müvafiq qurumlar bununla bağlı açıqlama verməlidirlər” deyə Fazil Mustafa deyib.

Qeyd edək ki, bir müddətdir Qızıldaş Mədəniyyət Mərkəzinin tabeliyində qanunsuz olaraq “Eliza School” adlı uşaq bağçası fəaliyyət göstərir.

Moderator.az

Paylaş: