Hacı Salayev haqda yeni və sensasion məlumatlar – gizli ortaqlar, cinayətkar Baba, ”Milli” Mikayıl, vergi borcu
Eks-deputat Hacı Salayev “Yeni Müsavat”ı məhkəməyə verib 1 milyon manat təzminat tələb etdiyi bir vaxtda belə aydın olur ki, onun özünün dövlətə yarım milyon manat vergi borcu var.
Bu haqda sosoial şəbəkədəki hesabında Bəxtiyar İmanov adlı istifadəçi məlumat yayıb.
Statusu təqdim edirik: “Bir neçə il öncə marketim var idi, qondarma cərmələr yazmaqla axrına çıxdılar. Amma özləri büdcəyə bir qəpik ödəmirlər. Kəmaləddin Heydərovun yaxın adamı olan bu sabiq deputat Hacı Salayevin 500 min manata yaxın vergi borcu var”.
Belə görünür ki, eks deputat dövlətə olan borcunun yarısını “Yeni Müsavat”ın hesabına ödəmək sevdasına düşüb. Xətai Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Hacı Baba oğlu Salayev ərz edir ki, “Yeni Müsavat”da barəsində yazılanlar işgüzar nüfuzuna, şərəf və ləyaqətə toxunub, odur ki, müdafiəsinə qalxıb və dövlətdən hər il dotasiya alan bir mətbuat orqanından nə az, nə çox – 1 milyon manat tələb edir. Eks-deputatın arşını da, iştahası da pis deyil. Xatırlatmışdıq, bir də Azərbaycanda milyonlar sahibinə çevrilən, milyonlarını da xaricə daşıyan Hacı Salayevin diqqətinə çatdıraq. Bəlkə Hacı Salayev iddiası ilə bağlı bir də götür-qoy eləsin.
“Yeni Müsavat”a qarşı milyonluq tələblərlə hazırda həbsdə olan “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov, başının dəstəsi – 9 generalla bərabər eks-müdafiə naziri Səfər Əbiyev, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, sabiq PA rəhbəri Ramiz Mehdiyev, onlardan əvvəl mərhum akademik Cəlal Əliyev çıxış etmişdilər. Hətta zamanında məhkəmələr onların istəyinə uyğun qərarlar vermişdi. Amma bu adamlar milyon əvəzinə nə aldılar? Azərbaycan cəmiyyətinin sərt təpkisini. Yemədilər və getdilər. Hacı Salayev isə iştahlı görünür, iştahını da pozmasın, bir qəzetdən hələ ki, bunca məbləği alan olmayıb.
Hacı Salayev də bu iddiası ilə özünü mətbuata, bu gün düşmənlə üz-üzə dayanan, informasiya müharibəsində ön sırada olan bir media quruluşuna qarşı müharibə cığırına çıxıb. Qeyd edək ki, Hacı Salayev “Yeni Müsavat”la yanaşı Media Qrupuna daxil olan Minval.info saytında 7 iyul 2023-cü il tarixli “Eks-deputatın hotelində gizli qumar təşkil olunur – SENSASİON İDDİA” başlıqlı məqaləyə görə işgüzar nüfuzunun pozulduğunu iddia edir. Buna görə Hacı Salayev hətta Minval.info və “Yeni Müsavat” qəzetindən hərəsindən 500 min olmaqla, ümumilikdə 1 milyon manat təzminat tələb edib. Hazırda iş Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatındadır. İlk hazırlıq iclası sentyabr ayının 19-da keçiriləcək.
ANONS ƏVƏZİ: İstəmədən qoşulduğumuz bir davanın qarşı tərəfi olan Hacı Salayev barədə araşdırmalarımız davam edir. Belə bir çirkli keçmişi və indisi olan birinin hansısa qəzetlə müharibə aparması gerçəkdən, axmaqlıqdır. Bu adamın istər öz keçmişi, istərsə də ailə durumu, biznesi, münasibətləri, şəxsi həyatı – hər bir fraqmenti manşet başlıqlı, ifşa xarakterli xəbərdir!
Məsələn, onun ailəsində baş verən faciənin – 1-ci həyat yoldaşının özünü Qız qalasından atmasının səbəbləri heyrət doğurur. Bu faciədə F. Əliyev adlı bir gəncin (məşhur nazirin oğlu) oynadığı rol, … Hacı Salayevin şəxsi həyatının başqa şok gizlinləri, hətta atası şofer Hacıbabanın evlilik macərasına qədər, hər şeyi araşdırıb, su üzünə çıxartmışıq. Daha doğrusu, bu adamı araşdırarkən, bütün detallar bir şəkildə bizi gəlib tapıb…
Hacı Salayevin ortaqlarından birini də araşdırıb, tapmışıq. Bu, SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovdur. Onların qarşılıqlı əlaqəsi, ‘’milli’’ ortaqlığı və Hacı Salayevin bu qədər ərköyünlüyündə M. İsmayılovun rolu və iştirakı barədə də ayrıca yazılar dərc olunacaq.
Hacı Salayevin qardaşı, atasının ikinci adının daşıyıcısı, FHN Akademiyasının rəisi Baba Salayev barədə də heç istəmədən bir sıra materiallar əlimizə keçib. Əslində qolu qandallanaraq, həbsxanaya atılmalı olan Baba Salayevin cinayət əməlləri barədə də yazılar hazırlanır.
Hacı Salayevin Abbas Abbasovla – Azərbaycana etdiyi xəyanətlərinə görə ölkəmizi buraxılmayan bir mafiozla əlaqələri və xain ‘’Milyarderlər İttifaqı’’ layihəsində iştirakı haqqında da hələlik tam olmayan məlumatlar gəlməkdədir…
Bir sözlə, istəmədən, gözləmədən qatıldığımız müharibədə ‘’hücuma keçən’’ Hacı Salayev və onun yaxın çevrəsi, ortaqları, zəif nöqtələri, biznesi və s haqda ciddi məlumatlar əldə etmişik. Sadəcə, bu adamın mahiyyəti ona baş qoşmağa dəyməz, bu səbəbdən də zamanımıza heyfimiz gəlir. Lakin savaşın öz qaydaları vardır. Üzərinə hücum varsa, o obyekti sıradan çıxartmaq, neytrallaşdırmaq üçün bütün vasitələr mübahdır!
“Yeni Müsavat”