Yaxşı insan mütləq şəkildə doğru və dürüstdür.
Bir insan üçün düşünürəm ki, ən qiymətli olan onun xasiyyətidir, insanlara və ətrafına olan münasibətidir. Gözəl insan olmaq üçün, insan xeyirxah, səmimi, təmiz qəlbli, hər zaman hər yerdə öyrənib, öyrədən olmalıdır. İnsanların güvənini qazanmaq asandır ama onu qoruyub saxlamaq bax əsas məsələ budur.
Arif müəllimin yaxşı insan olmaq haqqında söylədiyi bir ifadə var; “Mən xoşbəxtliyi yaxşı bir insan olmaqda görürəm.
Məncə ən gözəl insan başqalarını xoşbəxt edərək xoşbəxt olandır. Yaxşılıq etmək və faydalı bir insan olmaq mənə böyük sevinc bəxş edir”.
Həyat ucu-bucağı görünməyən, şəfalı-cəfalı, acılı-şirinli, sirli-sehrli bir sözlə möhtəşəm bir məkandır. Ömür isə bu məkanda alovlana-alovlana alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın-axın illərdir. Və təbii ki, bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri də dəyərli insan, ləyaqətli və cəfakeş vətəndaş, bacarıqlı və təşəbbüskar vəziə sahibi “Zirvə Yolu” qəzetinin baş redaktoru Arif Baratzadədir.
Arif Baratzadə haqqında saatlarla, günlərlə danışmaq, haqqında yazmaq olar. Çünki o, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən insandır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, çünki Arif müəllim yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, insanın ruhi aləmini zədələyir.
Söhbət Arif Baratzadədən gedir. O Arif Baratzadədən ki, sözünün qədir-qiymətini bilir, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. Arif müəllim həm də sözünün ağasıdır. Çünki Arif müəllimin sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır, lakin o isə dəyişməzdir. Ona görə də Arif müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insandır. Elə bunu Arif müəllimin baş redaktorluğu vəzifəsini böyük əzm və ləyaqətlə icra etməyindən də aydın görmək olur.
Arif müəllimlə qısa tanışlıq:
Baratzadə Arif Rüzgar oğlu 1979-cu il iyul ayının 13-də Gəncə şəhərində anadan olub.
Arif müəllim 2000-ci ildə ADAU-nun bakalavr, 2003-cü ildə isə həmin Universitetin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.
2002-ci ildə zabit kimi hərbi xidmətə gedib. 2006-cı ildə Ordu sıralarından təxris olunub.
2006-cı ildən 2010-cu ilə kimi Əmlak məsələləri üzrə Dövlət komitəsində baş məsləhətçi, 2011-ci ildən 2018-ci ilə qədər isə 6 saylı Ərazi Şöbəsində müavin vəzifəsində çalışıb. 2018-ci ildə “Zirvə Yolu” redaksiyasında bölgə müxbiri, xüsusi müxbir, sonralar isə redaktor vəzifəsində çalışıb. Hazırkı vaxtda da Arif müəllim “Zirvə Yolu” redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Arif müəllimin bu vəzifəni icra etməyə layiq görülməsi ilə əlaqədar “ZİYALI” jurnalında da məqalə dərc olunub.
Və əminik ki, dövrümüzün öz dəsti-xətti ilə mətbuat salnaməmizin bir qolu kimi “Zirvə yolu” jurnalı bu günkü uğurlarımızı, keçdiyimiz inkişaf yolunu olduğu kimi Arif Baratzadənin rəhbərliyi ilə milli ruhun güclənməsi, vətənpərvərlik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərə çarpacaq dalğalanma yaradacaq və gələcək nəsillərə çatdıracaqdır. Ona görə ki, Arif müəllim yaxşı insan, əsl vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq şəxsiyyət eyni zamanda cəsarət və şücaət sahibidir.