Naxçıvanda bəzi fermerlər „Gəmiqaya Taxıl Məhsulları“ MMC-yə təhvil verdikləri taxılın pulunu 3 aydır ala bilmədiklərini deyirlər.
Zirveyolu.info xəbər verir ki, fermerlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, buna səbəb kimi büdcədə pulun olmadığı göstərilir.
Fermerlərdən M. İsmayılov deyir ki, problemlə bağlı dəfələrlə MMC rəhbəri ilə görüşmək istəsələr də, buna imkan verilməyib:
“ İstehsal etdiyim 50 ton buğdanı „Gəmiqaya Taxıl Məsulları” MMC-nin dəyirman-tədarük məntəqəsinə təhvil vermişəm. 3 ay keçməsinə baxmayaraq pulumu ala bilmirəm, get-gələ salırlar. Bizə rəhbərliklə görüşməyə də imkan vermirlər. Heç, rəhbərin kim olduğunu da bilmirik. Soruşuruq, adını demək istəmirlər. Təkcə sözləri odur ki, pul yoxdur, olanda verəcəyik. Bizim də ailəmiz var axı. Pulu alıb, dərd-sərimizə verəcəyik. Neçə aydır, dükanlardan ərzağı nisyə alırıq. Artıq onlar da nisyə vermirlər”.
Adının çəkilməsini istəməyən digər şikayətçi fermer isə deyir ki, Naxçıvanın Kənd Təsərrüfatı Nazrliyinə müraciət etdikdən sonra, 10 ton buğdasının pulunu ala bilib. Lakin, iki ay get-gəldən sonra:
“Pulumu zülümnən ala bildim. Gələn ildən əkinçiliklə məşğul olmayacağam. Zülm çəkirik, bezdirirlər. Vaxtında gübrə, su olmadığı üçün məhsuldarlıq aşağı düşür. Məhsul hazır olanda da başqa problemlər çıxır. Həm ucuz satırıq, həm də pulumuzu almaq üçün aylarla get-gələ salınırıq”.
Digər fermerlərdə pullarını almaq üçün iki ay öncə nazirliyə müraciət etsələr də, hələlik nəticəsi olmadığını bildirirlər.
Rəsmi məlumata görə, „Gəmiqaya Taxıl Məsulları” MMC sentyabrın əvvəlinə kimi 5266 ton buğda qəbul edib.