Cəmiyyət

STM-nin avtomobillərini elm-tədqiqat işləri görən şirkət təmir edəcək? – İcazə verin, şübhələnək…

“Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi “Auto Mark UA CO” MMC (VÖEN- 1905612901) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət STM-yə məxsus nəqliyyat vasitələrinin – “Toyota Camry”, “Honda Pilot” və “Ford Custom” markalı avtomobillərin cari təmirini həyata keçirəcək və qarşılığında 14 min 865 manat alacaq.
Məlumat üçün qeyd edək ki, STM-yə məxsus nəqliyyat vasitələrini təmir edəcək şirkət yeni yaranıb. “Auto Mark UA CO” MMC 2 may 2023-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qasımov Ayaz Akif oğludur.
“Auto Mark UA CO” MMC qeydiyyata alınan zaman qanuni təmsilçisi Ələkbərova Rahilə Tahir qızı olub. “Auto Mark UA CO” MMC-dən başqa may ayında Ələkbərova Rahilə Tahir qızının qanuni təmsilçi olduğu və Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53 ünvanında daha 2 şirkət qeydiyyata alınıb. Bu şirkətlərin də (“Napco Group” MMC və “Cremaland PTE AS CO” MMC) qanuni təmsilçiləri sonradan dəyişdirilib.
May ayında qeyd olunan ünvanda – Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53 ünvanında eyni şəxsin (Əliyev Hüseyn Yasəf oğlu) qanuni təmsilçi olduğu daha 5 MMC də dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, adları qeyd olunan şirkətlər barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. Şirkətlərin nə veb-saytları, nə sosial şəbəkə hesabları mövcuddur. Qısa müddətdə 3 tenderin qalibi olan “Auto Mark UA CO” MMC-nin də hansı təcrübəyə və peşəkarlığa sahib olduğu da bilinmir.
Xatırladaq ki, STM tərəfindən daha əvvəl də bu cür müəmmalı tender müsabiqələri keçirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir