Cəmiyyət Manşet

“Elə bil ürəyimizə sərin su səpildi” – İtkin düşən şəhidimizin məzarı 26 ildən sonra tapıldı

Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə itkin düşdüyü ehtimal edilən daha bir azərbaycanlı hərbçinin məzarı aşkar edilib.
ARB TV xəbər verir ki, əslən Neftçalanın Xolqarabucaq kəndindən olan İlqar Həsənalı oğlu Nəcəfov 1993-cü ildə cəbhəyə yollanır. 1994-cü ildə ailəsi ondan xəbər ala bilmir. Xidmət etdiyi hərbi hissədən İlqarın itkin düşdüyü xəbəri gəlir. Şəhidin yaxınları 1997-ci ilədək axtarışları davam etdirirlər. Sonradan məlum olur ki, İlqar Nəcəfov 1994-cü ildə yanvarın ayında həlak olan və burada dəfn edilən 37 şəhiddən biridir.
ARB TV-də İmişlinin Şəmmədli qəbiristanlığında dəfn edilən naməlum şəhidlərin olması haqqında yayımlanan süjetdə İlqarın şəklini görən yaxınları onu tanıyıblar.
Cəfər Nəcəfov – Şəhidin qardaşı: “26 illik həsrətə son qoyuruq. Hamısından hallallıq istəyrik. Əziyyət çəkiblər”.
Həsənalı Nəcəfov – Şəhidin atası: “1994-cü ilin yanvarın 10-da şəhid olanlar İmişli qəbiristanlığında dəfn edilib. Oğlum mənə məlumat verdi. Gəldilər, şəkil, sənədlər gətirdilər. Baxdıq ki, uyğunlaşır. Elə bil ürəyimizə sərin su səpildi”.
Samir Səmədov – Sakin: “Naməlum məzarlar vardı. Gəlib ziyarət edirdik”.
Şəhidin nəşi Azərbaycan bayrağına bükülərək anadan olduğu kəndə aparılıb. Bugünədək Şəmmədli qəbristanlıqda dəfn edilən 37 naməlum şəhidin 27-sinin kimliyi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. 10 şəhidin kimliyi isə hələ də naməlum olaraq qalır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir