Cəmiyyət

Şərurda sakinlər buna görə NARAZILIQ EDİR – TƏFƏRRÜAT

Şərur Rayon Muğancıq Mehrab kənd orta məktəbinə yeni köçürülən 7-ci sinif şagirdi Ş. M. digərləri üçün ciddi təhlükə yaradır. Ağressiv şagird özündən kiçik məktəbliləri döyür, onları baçaqlamaqla hədələyir, boğazlarından yapışıb, boğulmaq həddinə çatdırır. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup valideyin məlumat verib. Onlar bildirirlər ki, baş verənlərdən polisin və yerli təhsil nazirliyinin xəbəri olsa da, heç bir tədbir görülmür.
Valideynlərdən B.M. deyir ki, təhdidləri ciddi qəbul etdyindən, azyaşlı uşağını məktəbə buraxmır:
„Bu yaxınlarda idman zalının soyunub-geyinmə otağında ikinci sinif uşağını boğazından tutaraq boğub, bıçaqla başını kəsəcəyi ilə hədələyib, əlindən zorla alıblar. Başqa uşaqları da döyüb, eyni hədə-qorxunu gəlib. Uşaqların çoxu ondan qorxduğu üçün məktəbə getmək istəmirlər. Ailənin tək uşağıdı deyə, ərköyün böyüdülüb. Yəqin ki, valideynləri də öhdəsindən gələ bilmirlər. Kim qarantiya verə bilər ki, sabah məktəbə bıçaqla gəlib, bir neçə uşağı öldürməyəcək? Direktor deyir ki, bizlik deyil, nazirliyə və polisə məlumat vermişəm. Onlar da heç bir tədbir görmürlər. Yəqin gözləyirlər ki, 1-2 uşaq öldürülsün, sonra reaksiya versinlər“.
Adının çəkilməsini istəməyən digər bir valideyin də deyir ki, hər hansı faciənin olacağından qorxurlar:
“Son zamanlar məktəblərdə anormal hadisələrin, uşaqların bir-birini bıçaqlaması hadisəsi ilə bağlı tez-tez məlumatlar yayılır. Burada da hansısa faciənin olacağından, uşaqlarımıza xətər yetiriləcəyindən qorxuruq. Yaxşı olar ki, aidiyyatı qurumlar məsələyə müdaxilə etsin. Məktəb deyir ki, onların uşağı məktəbdən uzaqlaşdırmaq ixtiyarı yoxdur. Polisə və nazirliyə şikayət olunub, baxan yoxdur. Zamanında problem həll olunmalıdır”.
Valideynlər “Gündəlik Naxçıvan” vasitəsi ilə aidiyyəti qurumlara müraciət edərək, baş verə biləcək faciənin qarşısını almalarını tələb edirlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir