Nizami rayonu, Rizvan Teymurov küçəsi, mənzil 49-da müvəqqəti məskunlaşan, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Mahmudov Rəşid Xudayar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, saytımız vasitəsilə aidiyyəti qurumlardan kömək istəyir. Dia-az.info narazı vətəndaşın gileyindən bəzi məqamları təqdim edir:
“Mən, Mahmudov Rəşid Xudayar oğlu, I Qarabağ döyüşlərinin iştirakçısı olaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Özüm də, yoldaşımda Xocalıda yaralanmışıq. Hal-hazırda II qrup qaziyəm. 2023-cü ildə mənim əlilliyimi (qaziliyimi) kəsdilər. Komissiyadan keçdim, çünki kəsiləcəyimdən xəbərsiz idim.
Həmin ərəfədə bir şəxslə tanış oldum, o da məni aldatdı. Bu şəxsi tanıdığım vaxt artıq əlilliyim kəsilmişdi və o, mənə “11 min manat versən sənin işini düzəldərəm” dedi. Mənə ömürlük pensiya düzəldəcəyini dedi.
Yoldaşımın və özümün adına bankdan kredit götürüb, dediyi pulu ona verdik. Onlar iki nəfərdi: qadının adı Nəzrin, kişinin adı isə Təbriz idi. Özlərini “Bərpa Mərkəzi”ndə işləyən şəxslər kimi təqdim etmişdilər.
Pulu verəndən sonra hər iki şəxsə zəng çatmadı. Polisə məlumat verdim. Məni Nizami rayonu 25-ci bölməsindən dəvət etdilər. Orada Sadiq adlı tədqiqatçı işə baxırdı. Qızı tapıb gətirdi, amma Təbriz haqqında bizə heç bir məlumat vermədi.
Mən heç yerdə işləmirəm, amma 11 min manat kredit ödəməliyəm. Çox xahiş edirəm, kömək edin, araşdırılma düzgün aparılsın. Ola bilər ki, bu qadının arxasında kimlərsə durur… Xahiş edirəm, mənim məsələmi ictimailəşdirin, saxtakarlar cəzalandırılsın”.