AQTA əhalini infarkt edib: Qoşqar Təhməzlinin göz yumduğu öldürücü yağlar ölkəni dünya lideri etdi…
Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur.
Həkimlərin rəyinə görə, infarkt səbəbləri keyfiyyətsiz qidalar, yağlar, əsəb-stress, passiv həyat tərzi və başqa amillərdir. Təbii ki, əlavə faktorlar da sadalamaq olar. Lakin daha çox narahat edən məsələ qidalarımızın təhlükəsizliyi və keyfiyyətidir. Həkimlərin fikrincə, hazırda yediyimiz yağlar ürək-damar yollarının tutulmasına, tromba gətirib çıxarır. Çünki təmiz yağlar olmadığı üçün öz işini getdikcə görür və nəticədə infarkt baş verir. Bazarlarda isə müxtəlif adda, çeşiddə yağ məhsulları görmək olar. Anaxeber.info yazır ki, onlar ölkəyə necə idxal olunur, tərkibi yoxlanılırmı, təhlükəsizliyi hansı səviyyədədir, məlum deyil. Ona görə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xalqa yağ yerinə zəhər yedirir. Hazırda marketlərdə yağ satılan bölümə baxın, Rusiya, Yeni Zellandiya istehsalı adı ilə keyfiyyətsiz, ürək-damar yollarının tutulmasında “müstəsna” əməyi olan yağ məhsulları görmək olar. Onların qiymətinə baxanda məlum olur ki, əslində yağ yox, infarkt olmaq üçün əsl vasitədir. Hətta kilosu 17-18 manata satılan yağlar da Yeni Zellandiyadan idxal edilmiş təmiz kərə yağları deyil. Bunu dəfələrlə mütəxəssislər açıqlayıblar. Amma AQTA bu qorxunc vəziyyətlə bağlı heç bir iş görmür. Əksinə, qurum öz maraqları qarşılığında gömrükdən hər növ yağın idxalına göz yumur. Bu da bizi dünya reytinqində infarkta görə liderlər sırasına çıxarır. Maraqlıdır, AQTA sədri Qoşqar Təhməzli özü hansı yağdan istifadə edir? Görəsən, bu statistika onu narahat edibmi?
Hazırda satışda kərə yağı, eləcə də günəbaxan yağları adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində markası ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Əsl yağ təəssüratı yaratsın deyə günəbaxan və kərə dadı qoxusu verilir. Bu cür trans yağlar Dövlət Gömrük Komitəsindən keçirilir, Dövlət Qida Agentliyinin (AQTA) laboratoriyalarında yoxlanılmır, nəticədə asanlıqla bazarlarda ayaq açır. Bu yağların adının açıqlanması ilə bağlı dəfələrlə AQTA-ya sorğu ünvanlansa da, müraciətimiz cavabsız qalıb. Bu isə onu deməyə əsas verir ki, hazırda ölkəmizdə istehsalçı hüquqları istehlakçı hüquqlarından üstün tutulur.
Qida təhlükəsizliyin təmin edilməsinin bir yolu da təhlükəli qidalara istehsal edən firmaların adının açıqlanmasıdır. AQTA bunu da etmir. Bu, bizə ittiham etməyə əsas verir ki, AQTA təhlükəli qidalara istehsal edən sexlərdən, müəssisələrdən haqq yığırlar, sonra da əhaliyə bəyan edirlər ki, təhlükəli qidalar var, özünüzü gözləyin. İstehlakçı özünü hansı üsulla qorumalıdır? Qurum bu yolları da göstərmir.
Xatırladaq ki, AQTA sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu demişdi. O, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarının normadan yuxarı olduğunu açıqlayaraq, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağın ekspertizaya cəlb olunduğunu demişdi. Amma adlarını açıqlanmamışdı. Qoşqar Təhməzlinin nə marağı var ki, siyahını yaymadı?
Deməli, mənfəət, sövdələşmə əhalinin infarkt olmasından daha vacibdir. Odur ki, adı qida təhlükəsizliyi ilə bağlı olan agentliyə bu məsələdə güvənmək, qida təhlükəsizliyimizi etibar etmək olmaz.
Ümumiyyətlə, həmin yağların ürək-damar xəstəlikləri, infarkta yol açması ilə məhdudlaşmaq olmaz. AQTA sədri bilir ki, həm də bu məhsullar onkoloji xəstəliklərə xidmət edir. Bu sırada palma yağları xüsusi rol oynayır. Bir sözlə, AQTA ölkədə qida təhlükəsizliyinə və keyfiyyətə nəzarətdə sıfır səviyyədədir. Ümid Allaha qalıb, gərək özümüzü necəsə qoruyaq. Çünki bu qurumun və sədrinin başı biznesə qarışıb…
Anaxeber.info