Hökumət seçkiqabağı əhalinin sosial güzəranına təsir edən qiymət artımına getdi. Əslində, benzin, dizel və ictimai nəqliyyatda bahalaşma gözlənilən idi. Xeyli zaman idi ki, iqtisadçılar proqnozlar səsləndirirdi. Lakin belə tez – özü də növbədənkənar parlament seçkilərinin vaxtı təyin olunduqdan iki gün sonra qiymətlərin qalxacağı hesablanmamışdı. Ancaq indisə iqtisadçılar daha yeni proqnozlar irəli sürürlər – yaxın aylarda kommunal xidmətlərin bahalaşması və gələn il manatın ucuzlaşması. Beləliklə, həyat bahalaşır, standartlar yüksəlir, orta təbəqə sürətlə mənfi saldoya düşür. Devalvasiya və ardınca pandemiya müsbət templə artan orta təbəqəni indi aradan qaldırıb mənfiyə aparır. Bu da sosial təbəqələşməni sürətləndirəcək. Dünənə qədər inflyasiya yox idi, qiymətlər münasib idi və əhali kredit, yaxud əlində yığdığı vəsaitlə ev tikir, mənzil alır, avtomobilə sahiblənir, yay-qış istirahət tətilləri qura bilirdi. Artıq o təbəqə bu bahalaşma fonunda xərcləri artdığı üçün gəlirlərini gündəlik tələbat mallarına ödəyə bilir və başqa heç nəyə imkanı çatmır. Bu da tədricən orta təbəqənin yoxsulluqdan bir qədər yuxarıdakı pillədə saxlayır. El dilində desək, indiki gəlirlər və şərtlərlə başını dolandıra bilərsən.
Anaxeber.info bildirir ki, burada quru sərhədlərin qapalı saxlanması, inhisarçılıq, süni qiymət artımı da ciddi rol oynayır. Habelə, kommunal ödənişlərdə limit tətbiqi, ərzaq məhsullarının üçqat bahalaşması vacib paya sahibdir. Bunun davamı olaraq iyulun 1-dən yanacağın və ictimai nəqliyyatda gediş haqlarının qiymətinin qaldırılması təbii ki, əhalinin cüzdanına təsir göstərəcək. Çünki təkcə bahalaşan yanacaq və nəqliyyat deyil. Dizelin bahalaşması kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzağın qiymətinə təsir edəcək. Həmçinin, xidmət sahələrində – restoran, otel, ət və ət məhsulları bazarları, həmçinin, digər sahələrdə bahalaşmanı hiss edəcəyik. Bu da inflyasiyanı artıracaq. Əslində, gediş haqlarının 50 qəpik müəyyən edilməsi böyük rəqəm də deyil. Sadəcə, əhalinin gəlirləri az olduğuna görə artan xərclər çatdırmağa imkan vermir. Əgər gəlirlərdə artım olsaydı, qiymətlərin qalxmasının böyük nəticəsi olmayacaqdı. Çünki pulun dəyərini itirdiyi vaxtda 50 qəpik ciddi vəsait deyil, amma əhalinin qazancını nəzərə alanda, o zaman qiymət artımı mənfi nəticələrini göstərməyə başlayır. Əgər gələn il dolların bahalaşması baş versə, o zaman Azərbaycan iqtisadiyyatı növbəti dəfə şok terapiyası yaşayacaq.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki,
Aİ92 və dizel yanacağının qiymətinin artması üçün heç bir iqtisadi əsas yoxdur – neft ölkəsiyik, xammal xaricdən almırıq, yerli istehsalımız var, neftin qiyməti dünya bazarında ilin əvvəlindən bəri artmayıb, 80-85 dollar koridorunda sabitləşib.
Dəb olan “ekoloji problemlər” mövzusunu işin içinə qatıb qiymət artımına “qlamur” don geydirmək də doğru deyil – ekoloji həssaslığımız, avtomobil parkını yeniləmək istəyimiz, elektrik və hibrid maşınlara keçidi sürətləndirmək arzumuz varsa, o zaman geniş təşviq proqramı qəbul edilməli, keçid orqanik və təbii yolla baş verməlidir. Ekspertij sözlərinə görə, bu gün elektrik və hibrid maşınlarına güzəştlər yetərli deyil, son 3 ildə istehsal olunan avtomobillərə şamil edilir – yeni avtomobillər isə bahadır, vətəndaşın alım gücünə uyğun deyil.
Anaxeber.info