Göyçay rayonunun Qaraməryəm kənd sakini, 29 yaşlı Vüsalə Quliyeva iki il öncə “kəskin respirator virus infeksiyası” diaqnozu ilə həyatını itirib.
Onun yaxınlarının müxtəlif dövlət orqanlarına şikayətlərindən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım üzrə həkimi Fatimə Abdullazadə cinayət məsuliyyətinə cəlb olunub. Amma Vüsalə Qarayevanın ailəsi həkimə verilən cəzadan narazı qalıb.
“Həkim israrla evə göndərib”
Hadisədən bir gün öncə Fatimə Abdullazadə işdə növbədə olanda gecə saat 4 radələrində Vüsalə Quliyevanın yaxınları onu ağır vəziyyətdə xəstəxanaya gətirib. Həkim onun bədən temperaturunu ölçəndə 40 dərəcəni keçdiyini görüb. Yalnız “Analgin”, “Dimedrol”, “Novokain” qarışığını vurmaqla işini bitirdiyini deyirlər.
Gecə ilə evə qayıdan Vüsalə Quliyevanın vəziyyəti daha da ağırlaşdığına görə səhər açılandan sonra onu yenidən xəstəxanaya çatdırıblar. Bir sutkaya yaxın xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb.
Cinayət işinin materiallarında göstərilib ki, həkim o halda olan xəstəni evə göndərməklə – vəziyyətin səbəbini müəyyənləşdirmək üçün əlavə müayinələr aparmamaqla, analizlər götürülməsi, rentgen olunması və s. addımlar atmamaqla səhlənkarlıq edib.
30 yaşlı Fatimə Abdullazadəyə qarşı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Elə bu ittihamla da ona 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.
Zərərçəkmiş tərəf – Vüsalə Quliyevanın həyat yoldaşı Akif Quliyev hökmdən narazı qalıb. Deyir ki, həkim səhlənkarlığı icbatından ailəsinə böyük zərbə dəyib, iki azyaşlı övladı anasız qalıb. Amma Fatimə Abdullazadə bugünədək onlara heç üzrxahlıq da etməyib. O danışır ki, gecə həyat yoldaşını xəstəxanaya çatdırsalar da, həkim onları evə göndərib, deyib ki, sabah gətirsinlər. Çünki ixtisaslı həkimlər, diaqnostika avadanlığını işlədən mütəxəssislər bu vaxt yoxdur. Onlar isə həkimin davranışına – xəstənin bu vəziyyətdə evə göndərilməsinə etiraz ediblər:
“Baş həkimin nömrəsi vardı, qardaşım gecə ilə ona zəng elədi ki, vəziyyəti çatdırsın, kömək eləsin. Baş həkim telefona cavab vermədi…”.
Səhər saatlarında baş həkim zəngləri görəndən sonra Səbuhi Quliyevlə əlaqə saxlayıb, hansı səbəbdən zəng etdiyini soruşub. O isə gecə gəlinlərini xəstəxanaya gətirdiklərini, lakin həkimin onları evə göndərdiyini çatdıraraq, bundan şikayətlənib.
Həkim: “Başım o biri xəstəyə qarışdı”
Akif Quliyevin sözlərinə görə, gecə məcburiyyət qarşısında həyat yoldaşını evə gətiriblər. Səhər onun durumu bir qədər də ağırlaşıb və yenidən xəstəxanaya çatdırıblar. Onu rentgen müayinəsindən keçirəndən sonra ciyərlərində pnevmaniya əlamətlərinin müşahidə olunduğu deyilib. Ardınca onu infeksion şöbəyə yerləşdiriblər. Getdikcə onda tənəffüs çatışmazlığı yaranıb. Bu üzdən oksigen aparatına qoşublar. Bir qədər sonra Vüsalə Quliyeva nitq qabiliyyətini itirib, koma vəziyyətinə düşüb. Onu reanimasiya şöbəsinə yerləşdirsələr də, gecə saat 3 radələrində orada vəfat edib.
Akif Quliyev əlavə edib ki, həyat yoldaşının ölümündə təqsiri olan həkimin azadlıqda qalması onu qıcıqlandırır.
30 yaşlı Fatimə Abdullazadə isə özünü təqsirli bilmir. Deyir ki, xəstəyə ilkin tibbi yardım göstərilib. O iddia edir ki, xəstənin evə aparılmasını istəməyib, əksinə, ona gözləməyi tapşırıb:
“O ərəfədə təcili tibbi yardım xəstə gətirmişdi. Başım o xəstəyə qarışdı, təcili yardımın sənədlərini imzalamalı idim. Elə bu məqamda Vüsalə Quliyeva xəstəxanadan çıxıb gedib. Xəstə mənim yanımda 10 dəqiqə oldu”.
Fatimə Abdullazadə əlavə edib ki, Vüsalə Quliyeva səhhətindəki problemlərlə əlaqədar hadisədən 2-3 gün əvvəl bir neçə başqa həkimin qəbulunda olub:
“Gülnar həkimin müalicəsini götürüb, Əli həkim iki dəfə baxıb, həm müalicə yazıb, həm sistem quraşdırıb. Amma bu həkimlərin adları heç çəkilmir, məni günahlandırırlar. Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib”.
Akif Quliyev də, onun qardaşı da deyir ki, Fatimə Abdullazadə yalan danışır. Əgər o, xəstəni israrla evə göndərməsəydi, o zaman baş həkimə zəng etməzdilər.
Hökm dəyişdi
Bu işdə zərərçəkmiş tərəflə yanaşı, prokurorluq da Göyçay Rayon Məhkəməsinin həkimə kəsdiyi cəzadan narazı qalıb. Prokuror da cəzanın ağırlaşdırılmasını istəyib. Dövlət ittihamçısı onun 3 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.
Bundan başqa, Göyçay Rayon Məhkəməsinin hökmündə əlavə cəza olaraq, Fatimə Abdullazadənin 1 il 6 ay təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim kimi çalışmasına qadağa qoyulub. Prokuror bununla da razı deyil. O, apelyasiya protestində təklif edib ki, ona təkcə təcili yardım yox, 1 il 6 ay ərzində ümumiyyətlə, həkim kimi fəaliyyət göstərmək qadağan olunmalıdır.
Vüsalə Quliyevanın ölümü ilə bağlı məsələ Şəki Apelyasiya Məhkəməsində təkrar araşdırılıb, bugünlərdə yeni hökm çıxarılıb. Fatimə Abdullazadə 1 il 6 ay həkimlik fəaliyyətilə məşğul olmaq hüququndan məhrum edilib. O, həmçinin 2 il azadlıqdan məhrum edilib. Bu cəzanı isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.(Dia-az.İnfo)