Son bir neçə aydır ki, ölkəmizin nüfuzlu media qurumlarında, ayrı-ayrı sosial şəbəkələrdə və digər media platformalarında “İnşaat Servis-2” MMC-nin rəhbəri Vüqar Aslanovun bəd əməllərindən bəhs olunsa da, nədənsə bu şəxsə hələ də “qaşın üstə qara var” deyən yoxdur.
Məlumat üçün bildirək ki, Vətən müharibəsi başa çatdıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “düşmən təcavüzü nəticəsində Gəncə şəhərinin ərazisində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi” işlərilə əlaqədar tender müsabiqəsi keçirir və müsabiqənin qalibi “İnşaat Servis-2” MMC elan olunur. Bundan sonra “İnşaat Servis-2” MMC –i 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistan ordusu tərəfindən Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində dağılmış evlərin, obyektlərin tikintisi və bərpası işləri ilə məşğul olsa da, bu MMC üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə, hal-hazırda şəhər sakinlərindən bir çoxuna “Kərbala müsibəti” yaşatmaqla məşğul olur. Baxmayaraq ki, ölkə rəhbəri möhtərəm İlham Əliyev cənabları müharibə dönəmində Gəncədə raket zərbələri nəticəsində dağılmış evlərin bərpası ilə bağlı lazımi göstərişlərini vermiş və bu məqsədlə büdcədən kifayət qədər vəsaitlər də ayrılmışdır. Çox təəssüflər olsun ki, Vətən müharibəsinin başa çatmasından 4 il keçməsinə baxmayaraq, bu gün də Gəncə şəhər sakinlərindən bir çoxu “İnşaat Servis-2” MMC –nin rəhbəri Vüqar Aslanovun “Kərbala müsibəti” ilə üzüzə qalmaqdadırlar. Belə sakinlərdən biri də, Gəncə şəhəri, Səfəvilər küçəsi, dalan-2, ev-2 ünvanında qeydiyyatda olan Hüseynova Zərəngiz İbrahim qızıdır. Məlumat üçün bildirək ki, Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində Zərəngiz Hüseynovaya məxsus fərdi yaşayış evi də yarasız vəziyyətə düşür və həmin evin təmirinə ciddi ehtiyac yaranır. Belə bir səbəbdən də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları evə baxış keçirirlər, təmirlə bağlı smeta dəyəri müəyyən olunur. Az sonra həmin evin təmirini “İnşaat Servis-2” MMC öz üzərinə götürür. Buna baxmayaraq, bu MMC-nin rəhbərliyi Zərəngiz xanıma qarşı “sapadaj”lıq edib, onun evində təmir işlərini həyata keçirmirlər. Artıq iki ildən çoxdur ki, “Sənin evini əsaslı təmir və bərpa edəcəyik” adı altında Zərəngiz Hüseynovanı evindən çıxarıblar. Vüqar Aslanovun rəhbəri olduğu “İnşaat Servis-2” MMC-nin əməkdaşları isə evi təmir-bərpa etmək əvəzinə, sanki evi xarabazarlığa çeviriblər. Hətta, həmin evdən bu xanımın atasına məxsus “KAMAZ” markalı nəqliyyat vasitəsinin 20 min manat dəyərində detallarını da oğurlayıblar. Evin avadanlıqlarını yağış suları altında qoyduqlarından, bütün əşyalar yarasız hala düşür. Elə ki, Zərəngiz Hüseynova bu problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları olan Əli Həsənova və Vasif adlı şəxsə, Vüqar Aslanovun əməlləri ilə bağlı şikayət edəcəyini bildirir, o halda hər iki şəxs “get kimə və hara istəyirsən şikayət et, son anda heç bir əhəmiyyəti olmayacaq” deyirlər. Faciə odur ki, bu xanıma Vüqar Aslanov da oxşar cavabını verir.
Qeyd edək ki, Zərəngiz Hüseynova iki ildən çoxdur ki, kirayələrdə yaşayır və doqquz aydan artıqdır ki, bu xanıma kirayə pulunu da vermirlər. Əgər əvvəllər Zərəngiz xanıma ayda 250 manat kirayə pulu verirdilərsə, bu gün həmin pulu da vermirlər. Bir sözlə, “İnşaat Servis-2” MMC-nin rəhbəri bir kimsəni saya salmır və özü nəyi necə düşünürsə o yöndə də addımlarını atır. Elə ki, şikayətçi Zərəngiz Hüseynova bir qədər dirəniş göstərir, o halda Vüqar Aslanov ona “Gəl görüşək, sənin kirayə pulunu verəcəyik” deməklə, bu xanımı belə bir yolla minbir oyuna düçar edir, heç bir əsas olmadan getgələ salır. Bir sözlə, onu aldadır. Əslində, Vüqar Aslanovun bü cür əməllərini təhlil edib belə qənaətə gəlmək olar ki, bu şəxs üçün insan amili, insan ləyaqəti, insan faktoru o qədər də əhəmiyyət kəsb etmir. Bu şəxs üçün var-dövlət əldə etmək bütün dəyərlərdən üstün tutulur. İnsan hüquqları dedikdə, təbii ki, şəxsin hüquqları, vətəndaş hüquqları dedikdə isə, şəxsin siyasi hüquqları nəzərdə tutulur. Unutmaq olmaz ki, mərhum prezidentimiz, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin əsas ali məqsədlərindən biri olaraq, insanların və vətəndaşların hüquqlarının qorunmasını daim öndə tuturdu. Bundan əlavə, Konstitusiyamızda insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması, məhz dövlətimizin ali məqsədi olaraq qeyd olunub. Faktdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də, Konstitusiyamızdan irəli gələn tələblərə, yəni vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına olduqca önəm verir və hər bir vəzifə sahibinə bu yöndə lazımi tapşırıqlarını da verir. Belə bir səbəbdəndir ki, xalqımız ölkə rəhbərinə inanır, ona güvənir və bu cür diqqət və qayğını gündəlik həyatlarında hiss edirlər. O halda sual oluna bilər ki, insan və vətəndaş hüquqlarının qorunması ilə bağlı ölkə rəhbəri lazımi tapşırıqlarını verir, Konstitusiyamızda bununla bağlı konkret müddəlar öz əksini tapdığı halda, görəsən Vüqar Aslanova belə bir ixtiyarı kim verib ki, o, bu gün də Gəncədə bəzi sakinlərə “Kərbala müsibəti” yaşatmaqla məşğul olur?. Deməli, bu şəxs üçün həm ölkə rəhbərinin verdiyi tapşırıqlar, həm də qanunun tələbi o qədər də əhəmiyyət kəsb etmir. Bir sözlə, Vüqar Aslanov bir növ özünü Gəncə şəhərinin “Ərəbzəngi”si hesab edir ki, o, bu cür oyunlardan çıxmağı bacarır və bunları özünə rəva bilir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. (Azerinews.az)
Mövzuya qayıdacağıq. Bizi izləyin.