Cəmiyyət

İşdən çıxarılan işçi şirkətini İFŞA ETDİ – qanunsuzluq, vergidən yayınma və daha nələr…

“İstanbul CFC” restoranlar şəbəkəsinin Xudu Məmmədov 41 ünvanında (Həzi Aslanov metrostansiyası yaxınlığında) yerləşən filialında ofisiant işləyən Elçin Duman oğlu Nəsirov işdən çıxarıldığını deyir.

Meydan TV-yə danışan Elçin Nəsirov bildirir ki, filialın rəhbəri Furkan Muhammed Çavdar ona təzyiq göstərib ki, işdən çıxması ilə əlaqədar ərizə yazsın: “Hadisə bu gün, sentyabrın 1-də baş verib. Bizim restoranın üç zalı var. Hər zalda da 2-3 ofisiant işləyir. Hər gün zallarda ofisiant bölgüsü olur. Əlavə ofisiantın işləməsi bizə sərf etmir. Belə olanda faiz itirmiş oluruq. Gündəlik adam başına ən aşağısı, 25-30 manat bəxşiş olur. Ofisiant çox olanda toplanan pul aramızda bölünür. Mən deməmişəm ki, çətinliyim var, yanıma ofisiant verin. Əziz adlı ofisiant bizim zala yaxınlaşanda ona dedim ki, burada əlavə işçiyə ehtiyac yoxdur, siz gedin. Bilmirdim ki, göstərişi Furkan bəy verib”.

Şikayətçi deyir ki, hadisədən xəbər tutan Furkan Muhammed Çavdar ona qəzəblənib və işdən çıxarıb: “Furkan bəy dedi ki, obyekt rəhbəri mənəm. Söyüşlə dedi ki, xoşun gəlmir, işdən çıx. Mən də cavabında bildirdim ki, ofisiantı sizin göndərdiyinizi bilmirdim. Həm də işi çatdırırıq, əlavə adama ehtiyac yoxdur. Furkan bəy məni “Banket zalı”na apardı. Söyüş söyərək, əlini stola çırparaq, dedi ki, ərizəni yaz, işdən çıx. Mən də dedim ki, 15 gün möhlətim var. Siz məni qəbahətim olmadığı halda, durduğum yerdə işdən çıxara bilməzsiniz. O da cavabında dedi ki, onsuz da sənin yazacağın ərizə 15 gün əvvəldən hesablanacaq. Şikayət edəcəyimi bildirəndə dedi ki, get, ürəyin hara istəyir, ora da şikayət et. 15 gün möhlət vermədən yerindəcə ərizə yazdırıb, məni işdən çıxardılar”.

Elçin Nəsirov iddia edib ki, restoran rəhbərliyi vergidən yayınır.

“Maaşımızın az hissəsini kartla ödəyirlər. Yerdə qalanını isə nəğd şəkildə əlbəəl verirlər. Məsələ ilə bağlı Əmək Müfəttişliyinə də müraciət etmişəm”, – şikayətçi deyib.

Furkan Muhammed Çavdar Meydan TV-yə bildirib ki, Elçin Nəsirov digər iş yoldaşları ilə yola getmədiyinə görə işdən çıxarılıb: “Bizim təxminən üç şöbəmiz var. Heç bir işçini durduğu yerdə və yaxud da hansısa işçinin kefinə görə işdən çıxarmırıq. Hazırda 200-250 nəfər azərbaycanlı işçimiz var. Burada birlik, bərabərlik içərisində işləyirik. Həmin şəxsi iş yerindəki yoldaşlarına qarşı davranışlarına görə işdən çıxarmışıq. Digər ofisiant yoldaşları ərizə yazıb, Elçin Nəsirovdan narazı olduqlarını bildiriblər. Bu, birinci dəfə də deyil. Bunu sübut da edə bilərəm. Sonuncu dəfə hay-küy, xoşagəlməz sözləşmə fonunda restoran meneceri olaraq hadisəyə müdaxilə etmək məcburiyyətində qaldım. Ərizəsini yazdı, işdən çıxardıq. O, ərizədə də: “Təkrar olaraq etdiyim bir neçə hərəkətdən dolayı müdiriyyət işdən çıxmağımı tələb edir, mən də bunu qəbul edirəm”, – deyə yazıb”.

Vergidən yayınmaq iddiasına gəlincə, Furkan Muhammed Çavdar bunu böhtan adlandırıb: “Belə şey ola bilməz. Şirkətimiz böyükdür. Bakıda iki “Mado”, bir neçə “Peynirci baba”, üç “İstanbul CFC” şöbəmiz var. Yəni tək bir qida sektorunda deyilik. Vergidən yayınma kimi söhbətin olması mümkünsüzdür. Ara qızışandan sonra üzr istəmək əvəzinə, gedib, şikayət edirsə, vallah, dəvədən böyük fil var. Problem yoxdur, istədiyi yerə şikayət edə bilər. Gəlib, yoxlama da apara bilərlər. Biz heç bir yerə qaçmırıq. Olduğumuz yerdəyik. İstəyirlərsə, gəlib bir-bir işçilərdən soruşsunlar. Bizdən çıxan adam halallaşıb, gedir. İş, etiklik çərçivəsində bir insan digərini əzirsə, buna biganə qala bilmərəm”.

2024-cü ilin mayında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Tural Fərzili də aşpaz işlədiyi “İstanbul CFC” restoranlar şəbəkəsinin Xudu Məmmədov 41 ünvanında (Həzi Aslanov metrostansiyası yaxınlığında) yerləşən filialında restoran sahibinin işçilərin şəxsi əşyalarını yoxlamasına etiraz etdiyi üçün işdən çıxarılmışdı.

Paylaş: