Novruz və digər bayram günləri Azərbaycan süfrələri yalnız qoyun və mal əti ilə bəzənmir. Xüsusilə cənub bölgələrində balıq ləvəngisi uzun illərdir ki, bayram süfrələrinin parlaq bəzəyinə çevrilib. Balığın dadı süfrəyə rəng qatmaqla yanaşı, sağlamlıq üçün də böyük əhəmiyyət daşıyır. Zülal, D vitamini, fosfor və kalsiumla zəngin olan balıq əti müasir alimlər tərəfindən insan orqanizminin əvəzolunmaz qida mənbəyi kimi qəbul edilir. Onların fikrincə, mütəmadi balıq istehlakı ürək-damar xəstəliklərinin, iflicin qarşısını alır, zəif əzələləri gücləndirir və orqanizmin ümumi tonusunu artırır.
Azərbaycanda balıqlar həm yerli istehsal, həm də xaricdən gətirilən məhsullar şəklində bazara çıxarılır. Maraqlıdır ki, yerli balıqların qiyməti xaricdən gətirilən balıqlardan daha yüksəkdir. Bunun səbəbləri sadədir: ölkədə balıqçılıq təsərrüfatları və təbii su hövzələri məhduddur. Xəzər dənizində və daxili su hövzələrində ov kvotaları ciddi şəkildə tənzimlənir, nəticədə bazara çıxarılan balıq miqdarı məhdud olur. Bu da qiymətləri artırır.

