Cəmiyyət

2020-ci il təzadlı olsa da, Zəfər Qələbəmizlə tarixə qızıl hərflərlə yazıldı

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Artıq təzadlarla dolu olan 2020-ci il başa çatmaq üzrədir. İlin son saatlarını yaşayırıq. 2020-ci ildən çox yazmaq, çox danışmaq olar. 2020-ci ili bütün dünya koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vurur. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir.

Pandemiya ilə yanaşı ölkəmiz müharibə ilə də sınağa çəkildi. Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatlar, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxması da bu ilin yadda qalan hadisələrindəndir. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Cənab Prezident İlham Əliyevin dediyi kimi, Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirdi.

Bu il bütün dünya Ali Baş Komandanımız İlham Əliyevi həm peşəkar ordunun sərkərdəsi, həm də dərin biliyə malik peşəkar diplomat kimi tanıdı. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.

Əminəm ki, 2021-ci ili Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı cənnətə çevirmək üçün bütün imkanlar səfərbər olacaq.

Xaricdə yaşayan azərbaycanləlara münasibət heç də həmişə birmənalı olmayıb. 2020-ci il, Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə vermələri ilə də yadda qaldı.
İl ərzində çox hadisələr baş verdi, sadəcə pandemiya və müharibə Vətənimizi ağır sınaqlar qarşısında qoydu. Bütün bu çətinliklərə baxmayaraq 2020-ci il Zəfər qələbəsi ilə qızıl hərflərlə tarixə yazıldı. 30 il dondurulan, qalibiyyəti yuxu kimi görünən, xarici havadarlarına arxayın olub, dədə-baba torpaqlarımızda yallı gedib səbrimizi yoxlayan işğalçı Ermənistan məhz bu il dəmir yumruqla məğlubiyyətə uğradı. Qələbənin nəticəsidir ki, artıq Azərbaycan regionda söz sahibidir.
Pandemiya bütün dünya iqtisadi zərbəsini vurub. Ölkəmiz bütün səyləri ilə iqtisadi cəhətdən də az itkilərlə pandemiyanı başa çatdırmaq üçün əzmlə çalışır. Şükürlər olsun ki, artıq vaksinlər hazırlanıb, gələn ilin ilk ayında ölkəyə gətiriləcək.
Milli Məclisin son iclasları da bildiyimiz kimi büdcənin müzakirəsinə həsr olunub. Deputatlar bacardığı qədər əhalinin rufah halının yaxşılaşdırılması üçün qanunların qəbul edilməsinə çalışırlar.
Sonda Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayır, qarşıda gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqımızı təbrik edirəm. Qalib ölkənin məğrur, qürurlu vətəndaşları kimi yeni ili qarşılamaq sözlə ifadə edilməyəcək qədər gözəl hisslərdir. Bu qüruru bizə yaşatdığı üçün bir daha Ali Baş Komandanımıza, onun rəhbərlik etdiyi Müzəffər Ordumuza və dəstəyi ilə hər zaman dövlətinin və ordusunun arxasında dayanan Xalqıma təşəkkür edir, Vətən Müharibəsində yaralılara şəfa arzulayır, Şəhidlərimizə rəhmət diləyirəm.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir