Cəmiyyət Manşet

“Meridian” MTK sakinləri çətin duruma salıb… – GİLEY

““Meridian” MTK tərəfindən inşa olunan və 8 ildir istismara verilən binamızda təhlükəsizliklə bağlı normativlər tamamilə pozulub. Həyətdə qanunsuz tikililər – yeni bina, qaraj inşa olunub, giriş özəlləşdirilərək satılıb, qonşu binanın girişindən istifadə edirik. Hazırda öz təhlükəsizliyimizə görə çox narahatıq”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev 25A ünvanında yerləşən 16 mərtəbəli binanın bir qrup sakini müraciət edib. Onlar bildirirlər ki, hazırda sakinləri narahat edən tikililərin heç biri binanın ilkin layihəsində nəzərdə tutulmayıb.

Sakin Rauf Əsgərovun sözlərinə görə, əgər hər hansı təbii fəlakət olsa, böyük faciələr qaçılmaz olacaq: “Biz bu binada mənzil alanda hazırkı vəziyyət yox idi, bizə göstərilən layihədə gözəl park, parkinq yeri və sair var idi. Pullarımızı tam ödəyəndən sonra binanın həyətində başqa bir bina da tikildi. Təhlükəsizlik normativlərinə görə çoxmərtəbəli binanın yanında bina tikilə bilər, o halda ki, arada binanın hündürlüyü qədər məsafə olsun. Fəlakət, yanğın olsa, ən azı 5 yanğınsöndürən maşın həyətə girib çıxmalıdır. Bura isə bir maşın belə girsə, çıxa bilməyəcək. Bir dəfə şahid olmuşuq ki, qonşu binada yanğın zamanı məcburiyyətdən qadın özünü ataraq həlak olmuşdu. Çünki binanın həyətinə yanğınsöndürənlər keçə bilməmişdilər. Əgər burada da nəsə baş versə, eyni hal olacaq. Sanki hamı gözləyir nəsə baş versin, sonra kimisə tutub cəzalandırsınlar. İstəyimiz odur ki, FHN və digər müvafiq qurumlar gəlib ekspertiza keçirsinlər”.

Binanın digər sakini Şahin Əhmədovun sözlərinə görə, həyətdə piyadalar üçün olan səki ilə birlikdə girişin eni cəmi 4 metrdir. Ensiz girişdən isə hər hansı yanğın zamanı texnikanın keçməsi mümkün deyil: “Bizim binaya perpendikulyar bir bina da tikib istifadəyə veriblər. Tikintini həyata keçirən “Asra” MTK adlansa da, hər iki binanın təsisçiləri eyni adamlardır. İki binanın arasında isə ikimərtəbəli tikili inşa olunub, aşağıda qarajlar, yuxarıda isə uşaq bağçası var. İndi məlum olur ki, ortada tikilən iki mərtəbəli binanın inşası heç bir normativə uyğun deyil. Bu tikili ilə binalar arasında məsafə altı metrdir. Bu iki binanın həyəti yoxdur. Ötən ilin may ayından başlayaraq Nəcəfqulu Rəfiyev ünvanında yaşayan 31 sakinin imzası ilə müvafiq orqanlara bu ünvanda yerləşən binada baş verən özbaşınalıqlarla əlaqədar məktublar ünvanlanıb. Bu qurumlardan cavab məktublarında bildirilib ki, aparılan tikinti-quraşdırma işləri qeyr-qanunidir. Bir ildən çoxdur ki, yazışmalar, məhkəmə prosesi gedir, ancaq heç bir tədbir görülməyib”.

Qeyd olunan ünvanda yaşayan Xalq artisti Samir Cəfərov da illərdir bu problemi yaşadıqlarını bildirir. Onun sözlərinə görə, binanın birinci mərtəbəsində yerləşən “Şah” restoranının havalandırma sistemi zirzəmidən bədbəxt hadisələr zamanı sakinlərin təxliyyə çıxışının üzərində quraşdırılıb. Həmçinin binadan 6 metr məsafədə tikilmiş qarajın üzərində salınmış futbol meydançası kənar konstruksiyalar vasitəsilə binaya birləşdirilib.

Sakinlərin ardınca bir avtomobilin yerləşdiyi ensiz yolla gedib nəhəng generatorlarla qarşılaşırıq. Yolun digər tərəfində isə ictimai tualet yerləşir. Binanın giriş-çıxışı ilə üzbəüz yerləşən tualetin restoran rəhbərliyi tərəfindən tikildiyi bildirilir. Sakinlər uzun müddətdir aidiyyati dövlət qurumlarına etdikləri müraciətlər və onların rəylərini əks etdirən cavab məktublarını bizə təqdim edirlər.

Özünü binanın komendantı kimi təqdim edən şəxs əvvəlcə çəkilişə mane olmağa çalışsa da, sonradan rəhbərliklə telefon vasitəsilə əlaqə saxlamağımıza imkan yaradır. “Meridian” MTK-nın rəhbəri Nazim Əhmədov “Qafqazinfo”ya açıqlamasında sakinlərin narazılığının əsassız olduğunu deyir. Onun sözlərinə görə, “Şah” restoranının bütün sənədləri var, FHN yoxlayıb və iş də məhkəmədədir, ekspertiziya göndərilib: “Məhkəmə nə qərar qəbul eləsə, yəqin ki, o düzgün olacaq”.

Binanın zirzəmisində qoyulan borulara gəlincə də, N. Əhmədov bildirdi ki, FHN tərəfindən ərazidə yoxlama aparılıb və orada qanunsuz heç nə aşkarlanmayıb: “Şəhərsalma və Arxitektura Komitəsi, Xətai rayon İcra Hakimiyyəti, FHN, ETSN və digər qurumlara müraciət olunub və bütün qurumlar da burada qanunsuz heç nə olmadığını bildiriblər. Binanın iki girişi var, ondan başqa bütün evlərlə çöldən əlaqə var. Bütün mərtəbələrə su çəkilib. Bundan başqa, yanğın vaxtı tüstünü eyvandan sovurmaq üçün qurğularımız var. Təxliyyə üçün ikinci pilləkənimiz var. Hər binada belə adam olur, ora-bura yazıb camaatı işindən edir. Bizim bütün sənədlərimiz qaydasındadır”.

MTK rəhbəri həmçinin redaksiyamıza həmin tikililərin də əks olunduğu iddia olunan binanın layihəsini göndərib:

Problemlə bağlı Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə və Xətai rayon İcra Hakimiyyətinə müraciət etdik. Aidiyyati qurumlar hazırda faktla bağlı araşdırma apardıqlarını və nəticəsi ilə bağlı məlumat verəcəklərini bildirdilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir