Cəmiyyət

“İş adamı 1 milyondan artıq borcumuzu qaytarmır” – Loğman Məmmədov: “Mənim onlara borcum yoxdur, ödəmişəm”

“Etibarımızdan sui-istifadə edərək bizə külli miqdarda ziyan vurub. İndi iş adamı Loğman Məmmədov hədə-qorxu gəlir ki, bizə olan borcunu geri tələb etməyək. Dəfələrlə plakat götürüb, ofisinin qarşısına getmişəm, mərhum ərimə olan borcunu tələb etmişəm, polis çağırıb, məni sürüyüb polis maşınına atıblar, 28-ci bölməyə aparıblar. Deyir, pulum var, əlim də hər yerə çatır, hara getsən, pul verib, ağızlarını bağlayacağam”.

Kürdəmir sakini Gülxanım Ağayeva Meydan TV-yə deyir ki, şərabçılıqla məşğul olan həyat yoldaşı, “Ağayev” MMC-nin sahibi Mirabbas Ağayev vəfat etdikdən sonra onun iş ortağı Loğman Məmmədov 1 milyon manatdan çox borcu ailəyə qaytarmır.

Onun sözlərinə görə, həmin pullar vaxtilə üzümçülərdən nisyə götürülmüş xammala görə ödənilməlidir: “Mirabbas Ağayev vəfat etdikdən sonra üzümçülər borcu onun ailəsindən, yəni bizdən tələb edir”.

“Onun üçün zavod qurdu, avadanlıqlarla, üzümlə, spirtlə təmin etdi”

Həyat yoldaşının dediyinə görə, Mirabbas Ağayev üzümçülük üzrə Azərbaycanda bir neçə mütəxəssisdən biri olub.

1990-cı illərdə Kürdəmirdə şəxsi şirə zavodunu yaradıb və inkişaf etdirib.

2011-ci ildə sahibkar Loğman Məmmədovla tanış olub. Loğman Məmmədov ona Göyçayda şərab zavodu qurmağı təklif edib.

“Loğman spirti xalası oğlu Eldar Həsənovun himayəsi altında xaricə göndərirdi”

Mirabbas Ağayev Göyçay Şərab Zavodunu qurub, avadanlıqlarla və şərab məhsullarıyla, konyak və çaxır spirti ilə təmin edib.

Gülxanım Ağayeva iddia edir ki, nəticədə Loğman Məmmədovun Mirabbas Ağayevə 1 milyon manatdan artıq borcu yaranıb: “Həyat yoldaşım əvvəlcə öz zavodumuzda konyak spirti istehsal edib Loğman Məmmədova verirdi. Loğman gördü ki, bu işdə çoxlu qazanc var. Yoldaşıma təklif elədi ki, Göyçayda bir örüş yeri var, orada ona da zavod qursun. Yoldaşım 2012-ci ilin payızından 2013-cü ilin yayınadək Göyçayda ona şərab zavodu qurdu. Bundan sonra Loğmanın qazancı ikiqat artdı. Yoldaşım həm özümüzün, həm də onun zavodunda Loğman üçün konyak spirti istehsal etməyə başladı. Loğmana həm üzümçülərdən üzüm alıb verirdi, həm də konyak spirti düzəldirdi. Yoldaşım yüksək səviyyəli spirti istehsalı etsə də, sata bilmirdi. Daxildə çox aşağı qiymətləndirirdilər. Xaricə çıxış üçün isə mütləq bir himayədarın olmalıydı. Loğman o spirti xalası oğlu, hazırda həbsdə olan keçmiş səfir Eldar Həsənovun himayəsi altında xaricə göndərirdi, külli miqdarda qazanc əldə edirdi. O qazancdan yoldaşıma qəpik-quruş verirdi. Nə zavodunda quraşdırılmış avadanlıqların pulunu ödəyirdi, nə də üzümçülərin…”

“Müqavilə bağladı, borcu ödəyəcəyini öhdəlik götürdü”

Gülxanım Ağayeva deyir, həyat yoldaşı Mirabbas Ağayev şərikinin çoxlu qazanc əldə etsə də, ona olan borcunu ödəməməsini gördükdə iş ortaqlığına son qoymaq qərarına gəlib: “Yoldaşım Loğmanın borcunun siyahısını tutdu, borcu tələb etməyə başladı. Loğmansa hər dəfə bir bəhanəylə məsələni uzadırdı. Nəhayət, 2018-ci ildə aralarında müqaqvilə imzalandı. Həmin müqaviləyə görə, Loğman Məmmədov Mirabbas Ağayevə zavodda quraşdırılmış avadanlıqlara görə 375 min dollar, 30 yanvar 2018-ci ilədək Loğmana göndərilmiş şərab məhsullarına görə 747 min dollar (ümumilikdə 1 milyon 200 min dollar) Mirabbas Ağayevə ödəməyi öhdəsinə götürdü”.

Şikayətçi bidirib ki, bu məbləğdən 3 il ərzində 2021-ci ilin mayınadək 375 min dollar Mirabbas Ağayevin ailəsinə ödənilib.

“Mirabbas vəfat edəndə Loğman sevinirdi”

Gülxanım Ağayeva deyir ki, ailə tərəfindən bu məbləğ vaxtilə zavod qurularkən alınmış avadanlıqlara görə ödənilib. Ancaq keçmiş ortaq indi 747 min dolları qaytarmaqdan imtina edir: “2019-cu ilin yanvarında yoldaşım vəfat etdi. Müavini, mühasibi, zavodun xeyli peşəkar işçisi keçdi güclü tərəfə – Loğman onları öz zavodua işləməyə apardı. Biz tamamilə müflisləşmişdik, 200-dən çox işçisi olan zavod bağlandı, qaldıq vaxtilə nisyə xammal götürdüyümüz üzümçülərin əlində… Üzümçülərə 1 milyondan çox borcumuz var, qapımıza gəlirlər, hər şeyimizi satmışıq, yenə də borcdan çıxa bilmirik. O üzümçülərdən alınan üzümlərdən Loğman üçün konyak spirti çəkilirdi, o üzümlərin xeyrini Loğman görüb. Bir sözlə, Loğman bizi müflisləşdirib üzərimizdən varlandı. Üstəlik, bizə olan borcu da qaytarmır ki, qapıya gələnlərin borcunu qaytaraq. Deyir ki, guya 747 min dolları vaxtilə yoldaşıma qaytarıb. Yalan danışır, o, yoldaşıma imzasız, sənədsiz qara qəpik də borc qaytarmazdı. 375 min dolları yoldaşım vəfat edəndən sonra hissə-hissə bizə qaytardı və bunun sənədləşməsi də var. 747 min dolları vaxtilə yoldaşıma qaytarsaydı, onu da sənədləşdirərdi. Yoldaşım zəng vurub ondan pul istəyəndə aldadırdı ki, ölkədə yoxam. 2018-ci ilin yayında yoldaşım xərçəngə tutulanda sevinirdi ki, tezliklə Mirabbas öləcək, borcu qaytarmayacaq”.

Gülxanım Ağayeva Baş prokurora və prezidentə müraciət edib. Baş Prokurorluq daxili araşdırma üçün onun ərizəsini Göyçay Rayon Prokurorluğuna göndərib.

“Biz iş ortağı olmamışıq”

Meydan TV məsələyə Loğman Məmmədovun da münasibətini öyrənib. Sahibkar bildirib ki, Mirabbas Ağayevlə iş ortaqlığı olmayıb: “Biz dost olmuşuq, 375 min dollar da zavodun qurulması vaxtı alınan avadanlıqlara görə yaranmışdı, qəpiyinə qədər ailəsinə qaytarmışam. Mənim onunla heç bir iş ortaqlığım olmayıb. 375 min dolların sənədi vardı, qaydasında da qaytardım. Heç qaytarmaya da bilərdim, deyərdim ki, pulum yoxdur, yığıb avadanlıqları göndərərdim. Ancaq mərhumla münasibətim vardı, çörək kəsmişdik, ona xatir mən pulu ailəsinə qaytardım. O ki qaldı dediyi 747 min dollara, bu, 5 manat deyil, 10 manat deyil, necə olur ki, 375 min dollara görə sənəd yazır, ancaq 747 min dollara görə yox?.. Gətirsin, sənədi qoysun ortaya, desin, budur, imzalı, sübutlu borc sənədi… Yoxdur axı… Çünki borc da yoxdur. Mirabbas qəzaya düşməyib, gülləylə vurulmayıb, qəfil ölməyib, adam uzun aylar xəstə yatıb, o müddət ərzində niyə bir dəfə çağırıb demədi ki, mənə 747 min dollar borcun var, gəl bu borc sənədini imzala?.. O ki qaldı məni yaxın qohumum Eldar Həsənovla şantaj etməsinə, Allah Eldar Həsənovun qapısını açsın, ancaq o adam səfir olub axı, spirt işinə baxmayıb. Bu, nə biyabırçı şər atmaqdır? Ölkənin gömrüyü var, aidiyyəti qurumları var, spirtimi istehsal edib, qanun çərçivəsində xaricə idxal etmişəm, vergisini, rüsumunu ödəmişəm. Qaçaqmalçılıqla məşğul olmamışam ki, kiminsə himayəsinə ehtiyacım olsun. Mən o xanımın hərəkətlərindən Yasamal polisinə də şikayət etmişəm. Çünki gəlib ofisimin önündə məni şantaj edirdi, mənim işgüzar nüfuzuma xələl gətirirdi. Prokurorluğa müraciət edib, yaxşı edib, araşdırsınlar, əgər mənim ona bircə manat borcum varsa, ödəməyə hazıram”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir