Cəmiyyət

“Azəriqaz” rəhbərliyi o qədərmi KASIBLAYIB?.. – GİLEY

Vətən müharibəsi iştirakçısı İbrahim Mehman oğlu Yəhyayev “Hürriyyət”ə müraciət edərək, işlədiyi qurumda başına gələnləri dilə gətirib.

Mövzuya keçməmişdən öncə İbrahim Yəhyayev haqqında oxucularımıza məlumat vermək istəyirik. Belə ki, o işğal altındakı torpaqlarımızı azad etmək uğrunda 44 günlük qızğın müharibədə əvvəldən axıradək iştirak edib. Ailəli olmağıma baxmayaraq, könüllü olaraq cəbhəyə yollanıb. Zəngilan, Xocavənd, Qubadlı, Füzuli və Cəbrayıl istiqamətindəki döyüşlərdə iştirak edib. Buna baxmayaraq yalnız “Zəngilan və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. İbrahim Yəhyayev müharibədən əvvəl də “SOCAR”ın prezidenti Rövnəq Abdullayev tərəfindən mükafatlandırılıb.

“Azəriqaz”ın Sumqayıt şəhər üzrə idarəsinin 8 saylı sahəsində işləyən müharibə iştirakçısı müharibədən qayıtdıqdan sonra əməliyyat olunmaq məcburiyyətində qalıb. Əməliyyat olunduqdan sonra kirayədə qaldığı evdə müalicə olunan İbrahim Yəhyayevin iş günləri isə təəssüf ki, üzürlü səbəbdən hesab edilməyərək, maaşından tutulub. Beləliklə, o sentyabr ayının əmək haqqısını tam ala bilməyib:

“Avqustun 26-sı əməliyyat olunmuşam. Könüllü olaraq Vətən müharibəsinə yollandığımdan əməliyyat oluna bilməmişdim. Klinikada əməliyyat olunduqdan sonra evdə müalicə olunmağa başladım. İş yerimin sığortası ilə əməliyyat olunmuşdum. Oktyabrın 1-nə kimi evdə müalicə olundum. Əməliyyat olunduğum klinikadan arayış istədim. Lakin, 5 gündən artıq arayış verilməyəcəyi deyildi. İş yerimə də bildirdim ki, arayış vermirlər. İdarədən iş günlərimin yazılmasını xahiş etdim. Lakin, bir-birlərinin üstünə ataraq, problemimlə maraqlanmadılar. Müharibədən qayıtdıqdan 4-5 ay sonra “Azəriqaz”ın sədri Ruslan Əliyevə müraciət etdim. Kirayədə qalmağımla bağlı mənə maddi yardım verilməsini xahiş etdim. Lakin, heç bir köməklik göstərilmədi. Ruslan Əliyev müraciətimə baxdıqdan sonra kadrların rəisinə yönəltdi. Bir-birlərinin üzərinə ataraq, heç bir maddi yardım edilmədi”.

On gündən sonra isə “SOCAR”dan İbrahim Yəhyayevə cavab məktubu gəlib. Milyardlarla büdcəsi olan SOCAR Vətən müharibəsi iştirakçısı olan əməkdaşına maddi yardım verməyə imkanının olmadığını qeyd edib:

“Müraciətimdən 10 gün sonra SOCAR-dan cavab gəldi. SOCAR cavab məktubunda vəziyyətinin pis olduğunu deyərək, maddi yardım göstərə bilməyəcəklərini qeyd etmişdilər. Hazırda istəyim odur ki, sentyabr ayının iş günləri qeyd edilsin”.

İbrahim Yəhyayevin digər bir istəyi isə işlədiyi 8 saylı sahədə iş yerinin dəyişdirilməsidir. O bununla bağlı saytımız vasitəsilə “Azəriqaz”ın rəhbərliyinə müraciət edib:

“Ailəliyəm və kirayədə yaşayıram. Aldığım maaş da ailəmi dolandırmağa bəs etmir. Digər bir istəyim isə “Azəriqaz”ın Sumqayıt üzrə idarəsində iş yerimin dəyişdirilməsidir. Çünki, həm aldığım maaş ailəmi saxlamağa bəs etmir, həm də müharibədə aldığım psixoloji sarsıntılar abonentlərlə işləməyimə əsas vermir. “Azəriqaz” rəhbərliyindən xahiş edirəm ki, məni öz işlədiyim sahədə başqa bir işlə təmin etsinlər”.

QEYD: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir