Hansı yolla olursa-olsun “gündəmdə qalmağı bacaran” Niyazi Bayramovun İcra Hakimiyyətinin başçısı olduğu Gəncə şəhərində daha bir şok olay yaşanıb.
Artıq bir neçə gündür ki, bütün sosial mediaların diqqəti Gəncə şəhərində cəmlənib.
Yayılan məlumatlara görə Gəncə şəhər sakini, 21 yaşlı şəhid Sahib Həsənovun anası Vüsalə Məmmədova maddi vəziyyətinin çətin olması, kirayə yaşadığı mənzilin pulunu verə bilməməsi və çarəsizik səbəbilə çoxlu sayda həb içərək intihara cəhd edib. Xoşbəxtlikdən yaxınları bundan tez xəbər tutub, onu xəstəxanaya çatdıra bilib.
Hazırda vəziyyəti ağırdır və Gəncə şəhər 3 saylı xəstəxanada müalicə alır.
Yeganə övladını torpaq uğrunda torpağa verən ananın hazırkı durumunu öyrənmək üçün mobil telefonuna zəng etdik. Zəngimizə Vüsalə xanımın anası Almaz Məmmədova cavab verdi və Vüsalə xanımın vəziyyətinin ağır olduğunu, qan qusduğunu, hazırda “USM” müayinədə olduğunu bildirdi.
Qeyd edək ki, yerli medialardan aldığımız məlumata görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anası Vüsalə Məmmədovanı xəstəxanada ziyarət edib.
Bu barədə də Almaz xanımdan soruşduq. Xanım bildirdi ki: – “Bəli, dünən də gəlib, bu gün də”.
Yeri gəlmişkən, Vüsalə xanımın intihara cəhd etmə səbəblərindən birinin, hətta birincisinin aylardır ki, İcra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilməməsi olub.
Vüsalə xanım bildirir ki: “Maddi vəziyyətim çox pisdir. Kirayə pulunu belə verə bilmirəm. Özüm də işsizəm. Dəfələrlə hər hansı bir işlə təmin olunmağımı istəmək üçün İcra Hakimiyyətinə getmişəm. Hər dəfə də “,Başçı yoxdur” deyib, geri qaytarıblar”.
Qeyd: Gəncə sakinlərinin ən vacib problemlərindən biri də “İcra başçısının qəbuluna düşə bilməmək” problemidir.
Bütün sakinlərin fəaliyyətsizliyindən narazı olduğu nəyinki sakinləri, şəhərin özü üçün də “gözəçarpan” heç bir yenilik etməyən Niyazi Bayramovun başının nəyə qarışdırığını, hansı “vacib məsələlər”ə görə sakinləri ən azından dinləməyə belə vaxt ayıra bilməməsi müəmmalı olaraq qalır.
Yeri gəlmişkən, “DogruXeber.az”ın izləyiciləri xatırlamış olarlar, 44 günlük müharibə ərəfəsində düşmən tərəfindən Gəncəyə atılan balistik roket nəticəsində zərərçəkmiş sakinlər də redaksiyamıza problemlərinin hələ də tam həll olunmamış qaldığından , bununla bağlı dəfələrlə İcra hakimiyyətinə getsələr də başçının onları qəbul etməməsindən narazılıqlarını bildirdilər.
Bunu zatən xatırlamamaq mümkün də deyil. Çünki, eyni vəziyyət davam etdiyindən, eyni narazılıqlar, eyni etirazlar hələ də davam etməkdədir.
Hörmətli Niyazi Bayramov, artıq, “canını boğazına yığıb”, intihar həddinə çatdırdığınız, hətta bunun üçün ilk addımı atmasına səbəb olduğunuz şəhid anasını xəstəxanada hər gün ziyarət etmək “topuğa dəyən daş”dan başqa bir şey deyil.
Ən azından getdiyinizə görə də heçolmasa nələrsə etsəydiniz, dərd yarı…
Amma, eşitdiyimizə görə o da yoxdur.
Çünki, biz Vüsalə xanımın anası Almaz xanım ilə telefonla danışarkən, İcra Hakimiyyətinin hansı addımlar atdığını və nələr vəd etdiyini də soruşduq.
Xanım cavab verdi ki: – “Heç nə etməyiblər. Verdikləri vəd də budur ki, “Sağal, yaxşı olacaq. Vəssalam”.
Düşünürük ki, bu vətən, bu xalq üçün, bu torpaqlarda qanını tökən, ən şirin, ən dəyərli nemətini – canını, varlığını qurban verən bir şəhidin əmanəti olan, bircə anasına sahib çıxa bilməyən dövlət qurumu, dövlət məmuru bu ölkə üçün gərəksizdir.
Yaşamağa haqqı olmayan şəhidin əmanəti deyil, onu o həddə çatdıranlardır.
Bir ölkə, bir xalq uğruna canını verən oğulun əmanəti olan bir anasına sahib çıxa bilməmək “xəcalət damğası”dır.
Əslində, “sahib çıxmaq” da demək olmaz.
Qadın nə istəyir?
– “Mənə iş verin, zəhmətimlə özümü dolandırım”.
Bunu belə edə bilmiriksə, daha doğrusu etmiriksə, vay bizim halımıza…
Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //dogruxeber.az//