Zirveyolu.info xəbər verir ki, 14 noyabr 2021-ci ildə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi ilinə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə bir çox QHT rəhbərləri, AMEA-nın Elm Tarixi İnstitutunun əməkdaşları, şəhid ailələri, magistr və tələbələr, həmçinin KİV nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin giriş hissəsində təşkilatın təsisçisi və sədri, AMEA Elm Tarix İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, s.e.ü.f.d Elvin Talışınski ictimai birliyin əsas fəaliyyət istiqamətlərindən və məqsədlərindən bəhs edib, həmçinin Elvin müəllim təşkilatın gördüyü bütün işlər barədə cəmiyyətə hesabat verilməsini özünə borc hesab etdiyini vurğulayıb.O, xüsusilə təşkilatda gənclərin çox olması, onların təşkilatın işlərinə çox böyük maraq göstərməsinin sevindirici hal olduğunu və hər bir xalqın milli dəyərlərə sadiq olması, milliliyini qoruyub saxlamasının əhəmiyyətli şərt olduğunu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının dövlət siyasətinə dəstək verilməsini zəruri hesab etdiyini qeyd edib. Sonra isə Elvin müəllim sözü Dünya azərbaycanlılarının həmrəyliyi ictimai birliyinin prezidenti Tofiq Əlizadə’yə verib. T.Əlizadə başda E.Talışınski olmaqla təşkilatın hər bir üzvünü təbrik edib və onların fəaliyyətinin uğurlu olduğunu vurğulayıb. O, bir çox tədbirlərdə şəxsən iştirak etdiyini və çox qısa müddətdə təşkilatın həqiqətən də cəmiyyətdə kifayət qədər tanındığını söyləyib. T.Əlizadə çıxışı zamanı II Qarabağ müharibəsində düşmən üzərində qələbə qazanaraq bizə Zəfər sevincini yaşadan gənc qəhramanlarımızdan danışdı və sonra Tofiq müəllim E.Talışınskiyə 44 günlük Vətən müharibəmizin “Qələbə döş nişanı”-nı təqdim etdi.
Sonra söz Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılova verildi. O, təşkilatın rəhbərliyini və gənc fəal üzvlərini təbrik edib. M.İsmayılov bildirib ki, təşkilatla fond bu illər ərzində sıx əməkdaşlıq edib. O, təşkilatın olduqca maraqlı və cəmiyyətə faydalı tədbirlər həyata keçirdiyini, həqiqətən də ictimai birliyin fəaliyyətinin təqdirəlayiq olduğunu və bütün dünya təşkilatlarında bu cür təşkilatların xüsusi yeri olduğunu bildirib.
Təşkilatın idarə heyətinin üzvü, şərqşünas-tədqiqatçı Əli Rzazadə tədbir iştirakçılarına Nizami Gəncəvi yaradıcılığında mənəvi dəyərlərin təbliğ edilməsindən bəhs edərək, təşkilatın sədri E.Talışınskinin rəhbərliyi ilə dahi şairin həyat və yaradıcılığına həsr olunmuş bir sıra layihələrin keçirildiyini qeyd edib. Həmçinin Əli müəllim çıxışı zamanı Nizami Gəncəvinin öz beytini söylədi: “ Əgər 100 il sonra məni axtarsanız, mənim hər beytim deyir ki, o, buradadır”. Ə. Rzazadə Nizami Gəncəvinin bütün əsərlərində ədalətdən bəhs edildiyini də qeyd etdi.
Sonra “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva öz növbəsində Elvin müəllimi təbrik etdi. M.Abdullayeva Elvin müəllimin təşkilatçılığı ilə görülən işlərin böyüklüyündən danışdı.
“Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva Elvin müəllimi və təşkilatın bütün üzvlərini bu uğurlu fəaliyyətlərinə görə təbrik etdi.
Daha sonra isə söz “Elin Səsi” ictimai birliyinin fəal gənc üzvlərinə verilib. Xəyalə Əyriçalmalının ifasında Nizami Gəncəvidən qəzəl səsləndirildikdən sonra tədbirin aparıcısı Tamerlan Qasımlı və təşkilatın sədr müavini Qorxmaz Paşayev ötən il ərzində həyata keçirilən layihələr haqqında məlumat verdi və söz milli musiqiyə verildi. İctimai birliyin üzvləri xanəndə Sərxan Mirzəyev və tarzən Azad Nəsibli öz ifalarını tədbir iştirakçılarına təqdim edib.
Sonda xatirə şəkilləri çəkildi.
Müxbir: Cavadzadə Seyid Sürayə