Cəmiyyət

Şərəf və namusunu itirənlər, müstəqillik və azadlıqlarını da itirməyə məhkumdurlar

 

Qadının ən böyük cəvahiratı onun namusudur. Cəvahiratı olan namusunu qorumaq isə ilk növbədə qadının özünün, daha sonra onun valideylərinin atasının, babasının, qardaşının və ona yaxın olan digər ailə üzvlərinin borcudur. Çoxları namusu yalnız qadına aid edir, lakin namuslu olmaq insana aid bir anlayışdır, qadın, kişi fərq etməz. Qadın üçün əxlaqlı, namuslu olmaq vacib olduğu kimi, kişi üçün də namuslu qeyrətli olmaq bir o qədər vacibdir. Çünki qadın nə qədər namuslu olsa da, əgər kişi namussuz olarsa, şərəf və ləyaqətini qoruyan xanımın da namusunu ləkələyə bilər.

Bu dünyada insanın ən təmiz, ən böyük xəzinəsi, ounun ləkəsiz, qüsursuz namusudur. Ümumiyyətlə insan bu həyatda təmiz vicdanlı, şərəfli və namuslu yaşamalıdır. Ona görə də vicdanla, şərəf və namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. Bəzi insanlar deyir ki, bu həyatda baş verənlər zəmanədəndir,  dünyadandır, zəmanə, dünya dəyişsə bəlkə insanlar da yaxşı olar və sairə. Əslində bu tamamilə yalnış bir düşüncədir. Ümumiyyətlə insan dünyanı dəyişməyə çalışmamalıdır, özünü inkişaf etdirib dəyişdirməlidir. Çünki insan özü-özünü dəyişməyi bacarsa dünyada da rahat yaşamağa nail olar. Çox təəssüflər olsun ki, son zamanlar bəzi ailələrdə baba, ata və ya atalıq tərəfindən qıza (qadına) qarşı təcavüz hallarına tez-tez rast gəlinir. Elə ötən günlərdə İmişli rayonunda yetkinlik yaşına çatmayan qız uşağının atalığı tərəfindən zorlanaraq hamilə qalması, yarımçıq övlad dünyaya gətirməsi, ailəsinin doğulan körpədən imtina etməsi, həmin dünyaya gətirdiyi körpənin də həyatını itirməsi və 11 yaşlı uşağın həyatının tamamilə məhv olması hər kəsə məlumdur. Bu kimi xəbərləri eşidəndə sanki insanın qanı donur. 11 yaşlı qız özü hələ həyatı tam dərk etməyən bir uşaq ikən, şərəfsiz bir atalıq tərəfindən təcavüzə məruz qalması və bununla da həmin qızcığazın həyatının tamamilə məhv olması həqiqətən də çox tükürpədici bir hadisədir. Cəmiyyətdə isə belə hadisələrə rast gələn şəxslər dünyanın sonu olduğunu deyirlər, əslində bu olanların dünya ilə və ya dünyanın sonu ilə deyil, belə ağılsız öz namusuna, qeyrətinə göz dikən, öz namusuna toxunan dırnaqarası valideynlərin əxlaqsızlıqları ilə əlaqəlidir. Bütün bu olanlarda dünya deyil belə əxlaqsız, şərəfsiz valideynlər günahkardırlar. Olanlara görə dünyanın yox belələrinin özünü dəyişdirməsi lazımdır. Çox dəhşətlidir bir baba, bir ata (əgər ata demək olarsa) öz nəvəsini, öz qızını, onun namusunu qoruyacağı və həmçinin ona tərbiyə vermək vəzifəsi daşıdığı halda, əksinə onun namusuna toxunaraq bütün gələcəyini məhv edir, bu nə qədər iyrənc əməldir. Belə bir cavabı olmayan sual yaranır: Nədir axı o valideyni məcbur edən öz namusuna toxunur?. Həqiqətən bu sualın cavabını tapmaq mümkün deyil. Sanki bəzi valideynlər getdikcə ağıllarını itirirlər, kimin kim olduğunu seçə bilmirlər. Bəzi ailələrdə tərbiyəsizlik baş alıb gedir. Bütün medialarda bu kimi xəbərlərin paylaşılması digər şəxsləri də bu cür iyrənc əməllərin xəbərdarı edir ki, belə hallar yaşanmasın, əksinə onların arasında bəzi ağıldan kəm valideynlər (təbii ki, söhbət dırnaqarası valideynlərdən gedir)  isə bu çirkin, əxlaqsız hərəkətləri təkrar edirlər. Elə bu halların artmasıdır cəmiyyəti uçuruma aparan, gələcək nəsli məhv edən. Bir qız uşağının bütün gələcəyinin məhv edilməsi özü də ona ən yaxın olan valideyni atası, atalığı və ya babası tərəfindən, bu nə qədər də dəhşətli bir hadisədir. Bu cür çirkin əməl törədənlər kimliyindən asılı olmayaraq, istər baba olsun, istər ata olsun istərsə də atalıq fərq etməz, mütləq azadlıqdan məhrum edilməlidirlər və hətta ən ağır cəzanı da çəkməlidirlər. Çünki şərəf və namusunu itirənlər, müstəqillik və azadlıqlarını da itirməyə məhkumdurlar.

 

Müxbir: Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir